Partiya sədri: Hər şey onlardan asılıdır

2002-ci ildən ləğv olunan proporsional sistemin bərpası məsələsi yenidən gündəmə gəlib. İqtidarın müxalifətə qarşı açılım etməsi, son 15 ildə siyasi partiyaların qeydiyyatında yaranan sükutu pozaraq, bir-birinin ardınca partiyaları qeydə alması müəyyən ümidlər yaradıb.
Baku News xəbər verir ki, "Yeni Müsavat" qəzeti bu məsələ ilə əlaqədar iqtidar və müxalifət yetkililərindən açıqlama aldı.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev siyasi islahatları vacib sayır: 

“Hesab edirəm ki, belə görüşlərin keçirilməsi çox vacibdir. Amma bu məsələdə kiməsə xüsusi diqqət ayrılmasına inanmıram. Burda söhbət ümumi problemlərdən gedir. Misal üçün, partiyamızın qeydiyyatı var. Amma buna baxmayaraq mən keçirtdiyim görüşlərdə bu və digər məsələləri qaldırmışam. Partiyaların qərargah problemləri, parlament seçkilərində iştirak edən, amma parlamentə düşməyən partiyaları dövlət tərəfdən maliyyəşmə, proporsional seçki sisteminin bərpası kimi məsələləri müzakirə etmişəm. Bu problemləri digər partiyalar da gündəmdə saxlayırlar. Sevindirici haldır ki, son vaxtlar göndərdiyimiz təkliflərin bir hissəsini hakimiyyət həyata keçirib. Misal üçün, bir neçə partiyanı qeydiyyata alıblar. Dostlarımızın rəhbərlik etdiyi Ağ Partiya və Azad Azərbaycan partiyasını misal çəkə bilərəm. Hesab edirəm ki, hər şey iqtidardan asılıdır. Demokratik Azərbaycanı görmək istəyirlərsə, siyasi islahatlara getməlidirlər”.
 

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə proporsional seçki sisteminin bərpası barədə gedən müzakirələrə də mövqe bildirdi:

“Hal-hazırda majoritar sistem özünü doğruldur. Proporsional sistemin bərpası gələcəyin işidir. Ola da bilər, olmaya da. Bu barədə heç kəs qəti fikir söyləyə bilməz. Bu gün majoritar qayda ilə seçilən deputat konkret olaraq seçiciləri qarşısında hesabat verir, seçicisinin problemlərini həll edir, onun problemlərini parlamentdə qaldırır. İqtidarla müxalifətin təmaslarının artmasını proporsional sistemin bərpasının müzakirəsi kimi qəbul etmirəm. Bu, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni bir səviyyəyə çıxması, hər iki tərəfin Azərbaycan üçün öz məsuliyyətini hiss etməsi deməkdir. İqtidar bu məsuliyyəti hiss edir. Müxalifətin bir hissəsi ümummilli məsələlərlə bağlı təkliflərini verir, mövqeyini ortaya qoyur. Sözün həqiqi mənasında bir hissəsi də cəbhə quraraq izolyasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bir sözlə, hər kəs öz seçimini edir”. 

0.080899953842163