Vladimir Nikiforov: “Azərbaycanlı həkimlər bizim buraxdığımız səhvləri təkrar etmədilər” - MÜSAHİBƏ

Rusiya Federal Tibbi-Bioloji Agentliyi (FTBA) həkimlərimizə COVID-19-la mübarizədə kömək etmək üçün Azərbaycana bir qrup mütəxəssis göndərib.

Bu günlərdə FBMA-nın baş infeksionisti Vladimir Nikiforov da daxil olmaqla, bir qrup professor Rusiya qayıdıb.

Media.Az-a müsahibə verən Vladimir Nikiforov bildirib ki, rusiyalı mütəxəssislər koronavirus xəstələrinin müalicəsini həyata keçirərkən azərbaycanlı həmkarlarının üsullarını sınamaq niyyətindədirlər.

- Bakı səfərinizlə bağlı təəssüratlarınız necədir, Azərbaycanda koronavirusa qarşı mübarizə necə aparılır, karantinin müddəti niyə uzadılır?

- Biz Azərbaycana yollanarkən haqlı olaraq karantin müddətini bitirmək barədə qərar verilməmişdi. Aydındır ki, nə qədər çox test etsəniz, xəstələrin sayı bir o qədər çox olacaq. Siyahını, əsasən, xəstəliyi asimptomatik keçirənlər dolduracaq. Bununla belə, kütləvi test keçirmək Azərbaycan tibbinin uğuru hesab olunacaq.

Virus özünü bir az qeyri-adi aparır. SARS epidemiyası olsaydı, artıq virus səngiməyə doğru gedərdi. Amma COVID-19, havanın isti olmasına baxmayaraq, geri çəkilmək istəmir. Buna görə, məhdudlaşdırma rejiminə son qoymaq üçün heç bir səbəb yoxdur. Vurğulamaq istərdim ki, Azərbaycanda karantin yoxdur. Sizdə məhdudlaşdırıcı tədbirlər həyata keçirilir, karantin isə evdən çıxmaq barədə qəti qadağa hesab olunur. Virus, təəssüf ki, heç yerə getməyib və dediyim kimi, özünü qeyri-adi aparır. Əgər məhdudlaşdırıcı tədbirlər ləğv edilsə, yoluxma sayında artım olacaq. Hökumət bunun qarşısını almağa çalışır. Təəssüf ki, əhalinin 50 faizdən çoxunun xəstələnərək kollektiv immunitetin yaranmasını gözləmək lazım olacaq. Əks təqdirdə, bu situasiya səhiyyə sisteminə böyük yükdür.

Bizdə olduğu kimi, təəssüf ki, sizdə də insanlar, yumşaq desək, intizamlı deyillər. Məhdudlaşdırıcı tədbirlər isə açıq deyək ki, çox radikal deyil.

- Gün ərzində SMS-lə icazə müddəti üç saatdır...

- Bu, tamamilə doğru qərardır. Bu tədbirlər epidemiyanı məhv etmək üçün nəzərdə tutulmayıb. Məqsəd gündəlik xəstələnənlərin sayında kəskin artımın qarşısını almaqdır. Yumşalmalar olsa, insanlar çimərliklərə axışacaq, kafe və restoranlar insanlarla dolub daşacaq. Bu vəziyyəti necə nəzarətdə saxlamaq və idarə etmək mümkündür?! Virusun inkubasiya dövrünü nəzərə alsaq, bir müddət sonra xəstələrin sayında yeni artım müşahidə olunacaq, xəstəxanalarda yer tapılmayacaq.

- Bizim səhiyyə sistemimizlə bağlı təəssüratlarınıza qayıdaq. Bu barədə fikriniz nədir?

- Sizə deyim ki, təəssüratlarım çox müsbətdir. Hətta yaxşı mənada təəccübləndik. Azərbaycanın yüksək inkişaf etmiş bir ölkə olduğunu nəzərə alaraq, buraya öyrətmək üçün yox, təcrübəmizi bölüşmək məqsədilə gəlmişdik. Sizdə sovet səhiyyə məktəbini görmüş həkimlər var. Eyni zamanda, Azərbaycana kömək edən Türkiyə də yüksək inkişaf etmiş ölkədir.

Biz koronaviruslu xəstələrinin müalicəsində nöqsanlar görmədik. Bəli, fərqli yanaşmalar var, lakin bu hal Rusiya üçün də xarakterikdir. Dərmanlar eynidir, yanaşmalar isə fərqli. Yeri gəlmişkən, maraqlı məqamlar diqqətimizi çəkdi və bu metodunuzu sınayacağıq. Ancaq ümumilikdə, eyni istiqamətdə hərəkət edirik. Sıfırdan başlamışıq, amma indi sağaltmağı öyrənmişik. Təəssüf ki, virusun müalicəsində hələ də universal dərman yoxdur. Lakin bizim və sizin həkimlərin həyata keçirdiyi kompleks tədbirlər insanların həyatını xilas edir. Vacibdir ki, xəstə özünü müalicə ilə məşğul olmasın və xəstəxanaya ağır vəziyyətdə gətirilməsin.

Biz Azərbaycanda gördüklərimizdən məmnun olduq. Nəzərə alsaq ki, Rusiyada xəstə sayı çoxdur və epidemiya daha təz yayılmağa başlayıb, ümid edirəm ki, sizin həkimlərinizlə öz təcrübəmizi bölüşə bildik.

- Azərbaycanlı həkimlərin Rusiyada tətbiq etməyi nəzərdə tutduğunuz metodikasını qeyd etdiniz. Söhbət hansı metodlardan gedir?

- Bu, dərmanların kompleks tətbiqidir. Burada söhbət ancaq bir preparatın istifadəsindən getmir. Mən peşəkarlara aid olan məqamlara toxunmaq istəmirəm. Sizin həkimlərin müxtəlif dərmanların kompleks tətbiqini Rusiyada sınaqdan keçirməmişik. Lakin yoxlayıb sınaqdan keçirəcəyik. Düşünürəm ki, nəticə pis ola bilməz, bunlar məşhur dərmanlardır, sadəcə, təkrar edirəm, tətbiqetmə qaydaları fərqlidir.

0.52340006828308