Erməni mediası zaman-zaman bu faktları ictimailəşdirib

Ermənistanda əhali arasında koronavirusa yoluxma və ölüm sayının artması hakimiyyəti təşvişə salıb. Paşinyan hakimiyyəti koronavirusla mübarizədə aciz durumda qalıb. Ölkədə acınacaqlı vəziyyət, əhalinin sosial durumunun ağırlaşması, kasıblıq, sosial təminatın pisləşməsi və şəraitsizlik virusun yayılmasını sürətləndirib.

Artıq virus işğalçı ölkənin ordusuna da yol açıb.

Mövzu ilə bağlı Avrasiya.net-ə açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, Ermənistan ordusunda virusun yayılması bu aylara təsadüf etmir, hələ may ayında əsgərlər arasında virusa yoluxma halları aşkarlanmışdır. Sadəcə hakimiyyət bunu ictimaiyyətdən gizlədib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirinin sözcüsü Şuşan Stepanyan bildirib ki, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb.

Partiya sədri qeyd edib ki, Ermənistan hakimiyyəti orduda əsgərlərin müxtəlif xəstəliklərə yoluxması faktlarını həmişə ictimaiyyətdən gizli saxlayıb: "Lakin erməni mediası zaman-zaman bu faktları ictimailəşdirib. Yerli medianın yazdığına görə, bir müddət öncə Azərbaycanın işğal edilmiş Qızqala (Qetavan) yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb. Kütləvi yoluxma halı ilə əlaqədar yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb. Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb ailə üzvləri ilə birlikdə koronavirusa yoluxmuş sahə həkimi Hovik adlı şəxsin kənd camaatını da infeksiyaya yoluxdurmasıdır. Erməni mediası yazır ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin - kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub. Eyni zamanda, müəyyənləşdirilib ki, kənd həkimi Hoviklə ünsiyyətdə olan Qızqala hospitalının tibb bacısı Marina Qriqoryan da koronavirusa yoluxub".

O da deyilib ki, işğal edilmiş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyanın D-20 artilleriya divizionunda xidmət edən bütün şəxsi heyət koronavirus testindən keçirilib.

Hələlik 10 hərbçinin testi müsbət çıxıb. Onlar karantinə alınsalar da vəziyyətləri tibb işçiləri tərəfindən orta ağır qiymətləndirilir.

Qidaların keyfiyyətsizliyi, əsgərlərin immunitetinin zəif və tibbi təminatın yarıtmaz olması səbəbindən virusa yoluxan hərbçilərin vəziyyətinin orta ağır olaraq qalacağı və müalicələrinin uzun müddət davam ediləcəyi bildirilir. Yoluxanlar arasında zabit və müqaviləli hərbçilər də var.

Partiya sədri onu da bildirib ki görünür, rəsmilər ordudakı yoluxmanı bundan artıq gizlədə bilmirlər. Çünki əsgərlərin virusa yoluxması məsələsi dövlət sirri kimi qorunur. Ancaq rəsmi Yerevan bunu həm ölkə ictimaiyyətindən, həm də dünyadan gizli saxlayır: "Nə vaxta qədər Ermənistan orduda əsgər ölümlərinin gizli saxlayacaq. Koronavirusdan Ermənistanda gündə on nəfər ölür, yüzlərlə yoluxan var. Bir ölkənin ki, hakimiyyət rəsmiləri, nazir və komitə sədrləri arasında virusa yoluxma halları qeydə alına, acınacaqlı vəziyyətdə, yemək və hətta içməyə su tapmayan orduda vəziyyəti təsəvvür etmək çətindir. Ermənistan rəsmiləri də dəfələrlə etiraf ediblər ki, koronavirusla mübarizədə məğlubdurlar".

0.13302803039551