Partiya sədri: Xalqa öz iqtisadi və siyasi proqramlarını təqdim etsinlər
Son aylarda Milli Şura onlayn iclaslarını əks etdirən biabırçı videoların yayılması ilə daha çox gündəmə gəlir. Bu dəfə MŞ-nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xalqı çətin durumda görməyə sevindiklərini etiraf edib. Koordinasiya Mərkəzinin konfransında iştirak edən Cəmil Həsənli və digər MŞ üzvləri Hacıbəylinin dediklərini dəstəkləyirlər.
Baku News xəbər verir ki, bununla bağlı "Yeni Müsavat" qəzeti Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdən açıqlama alıb.
ALDP rəhbəri Fuad Əliyev: “Bu qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirirlər. Neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclasda bu qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırıb. İndi isə COVİD-19-a görə karantinin uzadılmasını istəyir. Bunlar başa düşmürlər ki, karantinin uzadılması və yaxud ləğv olunması ölkədə epidemioloji vəziyyətdən asılıdır. Bunlar heç vaxt xalqı düşünməyiblər və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət edirlər. Bunlar ”Azərbaycan xalqına nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış edirlər. Müxalifət ondan ötrüdür ki, hakimiyyət uğrunda mübarizə aparsın, hakimiyyətin səhflərini göstərsin, tənqid etsin. Xalqa öz iqtisadi və siyasi proqramlarını təqdim etsinlər. Bunların işi isə şərləmək, ağa qara, qaraya ağ deməkdən ibarətdir. İclasların birində özləri də bunu etiraf ediblər ki, “bizim işimiz hakimiyyəti şərləməkdir”. Bunlar bu düşüncə yanaşma ilə hakimiyyətə gələ bilməyəcəklər. Xalq pandemiya dövründə sosial problemlərin dərinləşməsinə görə zövq alan və sevinənlərin dalınca getməyəcək".