Partiya sədrin müşaviri: İndi mən, bu yardımını heç cür başa düşmürəm
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova Azərbaycanın Livanda baş verən partlayışa görə maliyyə yardımını ayrılmasını şərh etdi. Baku News Dinarə Məmmədovanın açıqlamasını təqdim edir:
Beyrutda baş verən partlayış nəticəsində 150 nəfərin ölüb və 4000-dən çox insan yaralanıb. Partlayışa səbəb 2,750 ton ammonium nitrat olub. Mütəxəssislər partlayışın gücünün II Dünya müharibəsi dövründə Yaponiyanın Hiroşima adasına atılan atom bombasının gücünün 1/10-nə bərabər olduğunu və "şübhəsiz ki, tarixdəki ən böyük qeyri-nüvə partlayışlardan biri" olduğunu deyirlər. Beyrutda baş verən partlayışın videosuna baxanda dəhşətli bir fəlakət olduğunu görürük. İndi Azərbaycan Livana faciənin nəticələrinin aradan qaldırılması üçün 1 milyon ABŞ dolları (1 milyon 700 min manat) məbləğində yardım edəcək. Sözsüz ki, belə günlərdə imkan dairəsində kömək etmək lazımdır.
Azərbaycan xalqında xeyirxahlıq, mərhəmət, humanizm kimi dəyərlər var. Kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, xeyirxah işlər görmək xalqımızın etiqad bəslədiyi dini dəyərlərdən irəli gəlir. Amma....
Bu yardım xəbərini eşidəndə, 11 dekabr 1988-ildə Ermənistanın Spitak rayonunda baş verən zəlzələ yadıma düşdü. Baş vermiş zəlzələdən bir neçə gün sonra Ermənistana köməyə tələsən ölkələrdən biri də Azərbaycan olub: 78 nəfərlik sərnişinlə İl-76 təyyarəsi qonşu respublikaya uçur. Və ... Qəza zamanı təyyarədə olan 63 xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olur. Ermənilər həmin ermənilərdi ki, elə 1988-ci ildə azərbaycanlıları Qərbi Azərbaycandan (Ermənistandan) didərgin etdilər. 1988-ci ilin noyabr ayından başlayaraq azərbaycanlılarl yaşadıqları kəndlərdən sıxışdırması, kəndlərə ərzaq göndərilməməsi, elektrik xətlərinin kəsilməsi və silahlı basqınlar edilməsi nəticəsində Qərbi Azərbaycanı (Ermənistanı) tərk edən ailələrə yollarda divan tutulmuş, əmlakları qarət edilmiş, özləri isə qətlə yetirilmişlər. Noyabr ayında bütün bunları görərək 11 dekabrda kömək məqsədilə 78 nəfər Ermənistana göndəririk....
Ermənilər Livan əhalisinin 4 faizini təşkil edirlər, buna baxmayaraq onlar böyük nüfuz sahibidirlər. Ermənilərin terrorist təşkilatı kimi tanınan ASALA Livanda yaradılıb. Livan erməniləri Azərbaycanın Dağlıq Qarabağı işğal olunan zamanı öz dəstəyini verdilər, Azərbaycan xalqının soyqırımı törədənlərdən biri oldular. Livan Ermənistanı və qondarma “DQR” həmişə dəstəkləyib. Bundan başqa qondarma erməni soyqırımını tanıyan ölkələrdən biri də Livandır.
İndi mən, nə o vaxt Ermənistana kömək məqsədilə göndərilən 78 nəfərlik qrupu, nə də ki, Beyrutda partlayışın nəticələrinin aradan qaldırılması üçün 1 milyon ABŞ dolları yardımını heç cür başa düşmürəm.
Dinarə Məmmədova,
ALDP sədrin müşaviri