Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib

Bakı şəhəri, Xətai rayonu Nobel prospektində 30-a yaxın ağac kəsilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub.

Hadisə ilə bağlı nazirliyin mətbuat katibi İradə İbrahimova Bakunews.media-a açıqlama verib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınan 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub:

“Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.

0.44641590118408