“Azərişıq” ASC-nin əməkdaşları təmas xəttində 24 saat fasiləsiz çalışır - FOTO

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində zərər görmüş müxtəlif gərginlikli xətlərin bərpa edilməsi üçün “Azərişıq” ASC əməkdaşları təmas xəttində 24 saat fasiləsiz xidmət göstərir.

Bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda qeyd olunub.

Belə ki, düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində gərginlik xətləri 330 dəfəyədək vurulub, eləcə də 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb.

“Azərişıq” ASC cəbhə xəttində işləyən əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar gülləkeçirməyən gödəkçə və dəbilqələrlə təmin olunublar. Məqsəd əməkdaşların təhlükəsizliyini qorumaqla yanaşı, zədələnmiş xətləri ən qısa vaxtda bərpa edib hərbi hissələri, xüsusi əhəmiyyətli binaları, həmçinin, abonentləri elektrik enerjisi ilə təchiz etməkdir.

Xatırladaq ki, cəbhədə yaşanan hadisələrlə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” ASC sədri Vüqar Əhmədovun əmri ilə Xüsusi Qərargah yaradılıb. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.

Onu da qeyd edək ki, ordu sıralarına indiyədək “Azərişıq”ASC-nin 300-dən çox əməkdaşı könüllü olaraq qoşulub.

1.6318969726562