ALDP sədri: Azərbaycan xalqı 20 Yanvar və Xocalı soyqırımı heç vaxt yaddan çıxartmayacaq
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Müsavat TV”-nın qonağı olub. Verlişdə “Rusiya Qarabağda erməniləri qoruyurmu? Türkiyə Ordusu gələndə, ermənilər qaçacaqmı?” mövzusunda fikir mübadiləsi aparılıb.
Aparıcı Sevinc Telmanqızının “Rusiya sülhməramlı qüvvələrin bölqədəki davranışları bizim narahat olmağımıza əsas verirmi?” sualına, ALDP sədri belə cavablandırıb:
“Sülhməramlı qüvvələrin davranışları narahat olmağımıza əsas verir. Məlum xəritə məsələsini misal kimi çəkə bilərəm. Cəmiyyətimiz haqlı olaraq, etiraz edəndən sonra o xəritəni əvvəlki qaydaya saldılar. Cəmiyyətimiz ayıq olmalıdır. Biz onları, bir cəmiyyət olaraq, daima nəzarətdə saxlamalıyıq və bütün neqativ halların qabağını almalıyıq.”
Daha sonra Fuad Əliyev Rusiya sülhməramlı qüvvələrin Azərbaycandan çıxarılmasından danışdı:
“Artıq işğaldan azad olunan rayonlarda dövlət strukturlarının şöbələri açılır. Dünən Dövlət Təhlükəsizlik Xidmətinin Şuşa şöbəsi açıldı. Ondan qabaq Fövqaladə Hallar Nazirliyin, Sərhəd Qoşunların rayon şöbələri fəaliyyətə başlayıblar. Xankəndinə ilk təyinat olunub. Yollar çəkilir. Gələn ilin əvvələrindən isə soydaşlarımız vaxtı ilə yaşadığı ərazilərə qayıdacaqlar. Gələn il Şuşa şəhərində “Türkvision” mahnı müsabiqəsinin yay aylarında keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə işlər başlanıb. Qarabağda digər dövlət və beynəlxalq tədbirlərin keçirilməsi artıq elan olunub. Bütün bunlar mənə deməyə əsas verir ki, 2-3 ilə bu sülhməramlılara ehtiyac qalmayacaq və onlar Azərbaycan əraziləri tərk edəcəklər.”
“Ermənilər və Ruasiyada olan ermənipərəst qüvvələr bizim qələbəmizi heç cür həzm edə bilmirlər. Və müxtəlif yollarla, əsası olmayan xəbərlərlə bizim cəmiyyətimizi parçalamaq istəyirlər. Qarabağ məsələsində iqtidar-müxalifət, bütövlükdə cəmiyyət olaraq daima birləşmişik. 44 günlük müharibədə bizim yumruq kimi birliyimiz qələbəmizin əsasını qoymuşdu. Ona görə hesab edirəm ki, biz sakit və arxayın olmamalıyıq ki, qələbə qazanmışıq. Əksinə, biz ermənilərlə olan bütün məsələlərdə, bir cəmiyyət olaraq birliyimizi qorumalıyıq və belə təxribatlara uymamalıyıq.”- Fuad Əliyev qeyd etdi.
Aparıcının sualına “Azərbaycan anti-terror əməliyyatları aparılmalıdır?”, ALDP sədri belə cavablandırıb:
“Müharibə bitib. Amma anti-terror əməliyyatlar lokal şəklində keçirilir. Ermənilərə dekabrın 1-ə qədər işğal etdiyi torpaqlardan çıxmağa vaxt verilmişdi. Böyük bir hissəsi Azərbaycanı tərk edib. Qalanlar isə meşələrdə guzlənərək terrorist hesab olunurlar. Bunlara qarşı əməliyyatlar olur. Bir neçə gün bundan qabaq160 erməni-terroristi silahları yerə qoyaraq təslim olmuşdular. Ondan qabaq da, 20-30 silahlı Azərbaycan əsgərlər tərəfindən əsir götürülüblər. Qarabağ bu erməni-teroristldən tam təmizlənə gədər anti-terror əməliyyatlar olacaq”
“Son sorğunun nəticələrinə görə Azərbaycan vətəndaşları Rusiya sülhməramlılara inanmırlar və bu nə ilə bağlıdır? Azərbaycan nə etməlidir ki Rusiyanın rəğbətini qazansın” sualına Fuad Əliyev belə cavab verdi:
“Azərbaycan xalqı 20 Yanvar və Xocalı soyqırımı heç vaxt yaddan çıxartmayacaq. Ona görə bu sülhməramlılara inamsızlıq var. Rusiya indi bir Azərbaycana və Ermənistana baxsın. Ermənistanda rus məktəbləri bağlanıb, bizdə isə yox. Bizdə Rusiya Universitetlərin filialları açılır. Və başqa misallar da çəkmək olar. Ona görə, Azərbaycan nə etməlidir sualına isə, mənim fikrimcə, Azərbaycan yox, Rusiya fikirləşməlidir ki, nə edək ki, azərbaycanlıların rəğbətini qazanaq.”-ALDP sədri bildirib.
Azərbaycanda rus məktəblərin fəaliyyətinə Fuad Əliyev münasibət bildirərkan bunu deyib:
“Rus məktəblərin Azərbaycanın dövlət büdcəsindən maliyyələşməsinin əleyhinəyəm. Hansı ölkə Azərbaycanda öz dilində məktəb açmaq istəyirsə buyursun bunu öz büdcə vəsaitlərilə etsin, Azərbaycan vergi ödəyiciisinin hesabına yox. Amma bununla yanaşı, təhsilimiz güclü olmalıdır ki, biz uşaqlarımızı öz dilimizdəki təhsilimizə yönəldək.”
Aparıcı Sevinc Telmanqızın “Ermənistanla üçüncü müharibənin olacağına nə qədər ehtimal var” sualına Fuad Əliyev belə cavab verib:
“Fikrimcə, ehtimal çox azdır. Paşinyan hakimiyyətdə olduğu zaman müharibə olmayacaq. Üç ölkə rəhbərinin imzaladığı bəyanatda onun da imzası var. Bəyanatda bütün bəndlər həyata keçəcək. Bunun da Ermənistan tərəfindən qarantı Paşinyandır. Noyabrın 10-dan sonra Ermənistanda etirazlar başlanıb, Paşinyanın istefasını tələb edirlər. Nə vaxtsa Ermənistanda hakimiyyət dəyişsə və hakimiyyətə gələnlər Azərbaycanla hərbi ritorikası ilə danışsalar, təxribatlar etsələr, Azərbaycan ordusu tərəfindən layiqli cavabları alacaqlar. Və bu dəfə həqiqətən də Ordumuz Yerevana qədər gedəcək.”