Lalə Quliyeva: Cəmiyyətimiz bu sualların cavabını gözləyir

"Yəni, biz oturub gözləməliyik ki, yenə şəhidimiz və yaxud şəhidlərimiz olsun?!"

Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva açıqlamasında bildirib. Onun açıqlamasını təqdim edirik:

Vətən sağ olsun!

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək. Azərbaycan Ordusunun anti-terror əməliyyatları davam edir.

Keçmişdə, atəşkəs razılaşması əldə olunan gündən, demək olar ki, 25 il ərzində ermənilər hər gün atəşkəsi pozurdular. Bu “atəşkəs” müddətində minlərlə şəhidimiz oldu. Azərbaycan xalqını aldadaraq “sülh danışıqlarla” başını qatıb, düşmənə layiqli cavabın verilməsindən çəkindirirdilər. Bizə sülh deyib, ermənilərə isə silah verirdilər. Sonra nə oldu? Hamısı darmadağın oldu. 30 ilə yaxın silahlanan erməni ordusu, Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində məhv olundu! Ordumuz bizə Qələbə gətirərək işğalda olan torpaqlarımızı azad etdi!

Noyabrın 10-da məlum Bəyanat imzalandı və Rusiyanın sülhməramlı qüvvələri bura yerləşdirildi. Amma yenə də şəhidlərimiz var... Niyə, niyə olmalıdır ki? Müdafiə Nazirliyi məlumatında bildirir ki, “Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək”. Yəni, biz oturub gözləməliyik ki, yenə şəhidimiz və yaxud şəhidlərimiz olsun?! Niyə dərhal anti-terror əməliyyatlara başlanılmır? Axı biz haqlıyıq. Biz ki, bu qəbul olunan Bəyanatı pozmadıq. Niyə bu Araikin hərəkətlərinə bizim rəsmiləri cavab vermir? Niyə həbs olunmur?

Cəmiyyətimiz bu sualların cavabını gözləyir.

 

0.17786312103271