“Neftçi”nin veteranı Moskvada qəfil dünyasını dəyişib

“Neftçi”nin veteran futbolçusu, hücumçusu Rafiq Əlizadə Rusiyanın paytaxtı Moskvada qəfil dünyasını dəyişib. 

Bu barədə “Neftçi” klubu az öncə Facebook hesabında paylaşım edib.

1949-cü il fevralın 19-da Bakıda doğulmuş R.Əlizadə “Neftçi”yə 1967-ci ildə gəlib. 18 yaşlı gənc futbolçu 1967-ci il may ayının 19-da “Neftçi” komandasının heyətində SSRİ Kuboku uğrunda yarışmanın 1/16 final matçında Çelyabinskinin “Lokomotiv” komandasına qarşı oyunda meydana çıxıb və bir neçə dəqiqədən sonra ilk qolunu vurub.

SSRİ çempionatında doğma “Neftçi” komandasının tərkibində 1969-1972, 1977-1982-ci illərdə 143 oyuna çıxıb, 5 qol vurub. O, ümumilikdə futbol karyerasında 15 mövsümə 211 oyun keçirib və hesabına 13 qol yazdırıb.

1973-c ildə Tiraspolun “Zvezda”, 1975-ci ildə Odessanın “Çernomorets” komandalarında oynayıb. 1976-cı ildə yenidən “Neftçi”yə qayıdıb. Elə həmin il komandanın güclülər dəstəsinə vəsiqə qazanmasına yardım edib.

Futbol karyerasını 1989-cü ildə bitirən Rafiq Əlizadə sonradan məşqçi, texniki direktor kimi meydanlara qayıdıb. Uzun müddət Moskvada “Dina” komandasının idman direktoru işləyib.

Rafiq Əlizadə SSRİ idman ustası və Rusiyanın Əməkdar məşqçisi olub.

0.44819808006287