Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində fəaliyyət göstərən pendir sexində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, məhsulların etiketlənməsində başqa istehsalçıya aid məlumatların qeyd olunduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emala qəbul edilən südün baytarlıq ekspertizasından keçmədiyi və müayinələrinin aparılmadığı aşkarlanıb. Eyni zamanda, emal sahəsinin normativlərə cavab vermədiyi, müəssisədə və məhsul daşınmasında istifadə olunan nəqliyyat vasitəsində dezinfeksiya işlərinin aparılmadığı, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı müəyyən edilib.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin məhsul etiketlənməsi sahəsində üzərində başqa sahibkara məxsus məlumatlar olan 3 048 ədəd etiket agentliyin əməkdaşları tərəfindən müəyyən edilərək dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Araşdırmalar davam edir.

0.16530394554138