ALDP sədri: Erməni faşistləri qəbirləri dağıdıb, üstündə əkinçiliklə məşğul olublar

Ərazilərimiz erməni işğalından azad edildikdən sonra Azərbaycan özünü yenidən bərpası mərhələsinə keçib. Rayonlarımızda ermənilərin törətdiyi soyqırım, vandallıq faktları bu prosesin heç də çox asan olmayacağını göstərir.  Qarşıdakı erməni izlərinin, problemlərin aradan qaldırılması ölkənin ictimai siyasi spektrlarının daha da sıx birləşməsini tələb edir. Düşmənin özündn sonra qoyduğu xarabalığın, dağıntıların bərpası prosesində hansı əsas amillər nəzərdən qaçırılmamalıdır?

Bu və ya digər məsələlərlə bağlı versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib.

- Fuad bəy, bu günlərdə siyasi partiya sədrlərinin Ağdama səfəri oldu. Bu barədə nə deyərdiz?

- Ağdam gedəndə dəhşətli mənzərəylə qarşılaşdıq. Şəhərdən əsər-əlamət yoxdur. Erməni faşistləri torpaqlarımızı işğalda saxladıqları 28 il ərzində darmadağın ediblər. Biz bu səfərdən əvvəl Ağdamdakı o dəhşətli mənzərəni fotolarda, video-materiallarda izləmişdik. Amma o yerləri öz gözlərinlə görmək insanda başqa bir vahimə yaradır. Bu, erməni vəhşiliyinin simasıdır. Ermənilər Ağdam və ətraf kəndləri xarabalığa çeviriblər. O mənzərəni izlədikcə, kədərlə qəzəb hissləri bir-birinə qarışmışdı. Biz Ağdamın köhnə qəbiristanlığına gedəndə qəbirlərdən əsər-əlamət görmədik. Sadəcə adı qəbiristanlıq idi. Bu faşistlər qəbirləri dağıdıb, üstündə əkinçiliklə məşğul olublar. Bu, ağlasığmaz bir faktdır. Nə qədər vəhşi olasan ki, belə cinayətlər törədəsən. Heç ikinci dünya müharibəsində alman faşistləri belə hərəkətlərə yol verməmişdi. Başqa bir qəbiristanlıqda isə qəbir daşları dağılmışdı, qəbirlərin içi boş idi. Bütün bunları gördükcə adamı qəzəb, kədər hissləri bürüyürdü. Ağdamda bütöv bir ərazi minalanıb, minaların təmizlənməsi üçün bəlkə də 1-2 il lazım gələcək. Görünən odur ki, qarşıda bizi çox ağır işlər gözləyir. Ümumiyyətlə, Ağdamda bina deyilən bir şey yoxdur, onların yerində bir-iki daş qalıb. Boş torpaqda lövhələrdən bilirdik ki, burda Dram Teatrı, burada İcra hakimiyyəti, yaxud Çörək Muzeyi, Çay evi olub. Bir sözlə, şəhər yoxdur. Ağdam həqiqətən də ruhlar şəhərinə çevrilib. Bütün bunlar onu göstərir ki, vəhşi ermənilərin heç də Ağdamda qalmaq fikirləri olmayıb. Onlar yaxşı bilirdilər ki, nə vaxtsa buranı tərk edəcəklər, ona görə də ancaq dağıtmaqla məşğul olublar. Heç müvəqqəti yaşamaq üçün də nəsə etməyiblər. Bu, Azərbaycan tarixinə, torpağına, abidələrinə bir qəsdir, erməni vandalizmidir.

- Siyasi partiyaların, QHT-lərin belə səfərlərini necə qiymətləndirirsiniz?

- Siyasi partiyaların, ondan qabaq medianın, QHT-lərin Qarabağa səfəri vacib və mütləqdir. Hesab edirəm ki, bu səfərlərdən sonra orda gördüklərimizi yaddaşlarda saxlamalı, gələcək nəsillərə danışmalı, gələcək nəslə ötürməliyik. Bu, siyasi partiyaların müharibədən sonra birgə fəaliyyətinin inkişafı baxımından da mühümdür. Gördüyümüz faktlar, tariximiz bir daha bizə diqtə edir ki, biz bir yumruq kimi olmalıyıq. 44 günlük müharibədə necə birləşdiksə, bundan sonrakı abadlaşma işlərində də birliyimizi qorumalıyıq. Biz bu dəhşətli faktları unutsaq, onda bu torpaq bunu bizə bir də bağışlamaz.

- 44 günlük müharibədə torpaqlarımızın bir hissəsini hərbi yolla azad elədik, diplomatik müstəvidə üç rayonumuz güllə atılmadan azad olundu. Bundan sonra beynəlxalq ictimaiyyətin Azərbaycana baxışında nə dəyişiklik olub, erməni vandallığını görüb nəhayət Ermənistana qarşı hansı sərt çıxışlar edirlər?

- Təbii ki, beynəlxalq aləmin regionda öz maraqları var. Biz bu faktları Beynəlxalq ictimaiyyətə durmadan çatdırmalıyıq. Biz ALDP olaraq 44 günlük Vətən müharibəsindən sonra apardığımız işlər barədə mütəmadi məlumatlar vermişik. Bu günə qədər xarici ölkələrdə əməkdaşlıq etdiyimiz bir sıra partiyalara mütəmadi olaraq məlumatlar çatdırmışıq. Ümumilikdə 100-ə yaxın partiya, təşkilat və Avropa Parlamentinin bir sıra deputatları ilə əlaqələr qurub, Qarabağ müharibəsi, dağıntılar və sonrakı bərpa işləri ilə bağlı məlumatlar vermişik. Sözsüz ki, Ağdama səfərdən sonra əldə etdiyimiz foto-materialları da həmin qurumlara göndərib bu istiqamətdə işimizi davam etdirəcəyik. Ona çalışacağıq ki, düşmən bu cinayətlərə görə Beynəlxalq Məhkəmə qarşısında cavab versin. Çünki bu cinayət təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı edilmiş cinayətdir. İnanıram ki, Ermənistan təkcə Xocalı, Ağdam soyqırımı ilə bağlı deyil, digər cinayətlərə görə də cavab verəcək.

- Fuad bəy, müharibədən sonra çox problemlər yarandı. Həm dağıntılar bərpa olunmalıdır, həm də yaralı əsgərlərimizin sağlıq durumunun bərpasında, sosial həyat şəraitinin yaxşılaşdırılmasında problemlər öz həllini tapmalıdır. Bu problemlərin həllində nələri müşahidə edirsiz. İstər rəsmi, istərsə sosial sferada qazilərə, şəhid ailələrinə hansı münasibətlər sərgilənir?

- Müharibədən sonra xoşagəlməz faktlarla rastlaşdıq. Məlumdur ki, pandemiya dövründə yaşayırıq. İstər-istəməz müharibədən sonra mövcud sosial problemlər daha da dərinləşdi, müharibədə o nöqsanlara yeniləri də əlavə olundu. Çünki işsizlik və pandemiyaya görə bağlanan müəssisələr işsizlər ordusunu daha da çoxaltdı. Baxmayaraq ki, hökumət işsizlərə görə 190 manat ödədi, amma bu çox az məbləğ idi. Müharibə dövründə bu problemlər daha da dərinləşdi. Bir tərəfdən də qiymətlərin artması sosial problemləri daha da kəskinləşdirir. Digər tərəfdən, hesab edirdik ki, müharibədən sonra hökumət nümayəndələri qazilərə qarşı neqativlərə yol verməzlər. Amma eşitdiyimiz və bizə gələn şikayətlər əsasında görürük ki, şəhid ailələri, qazilərimiz necə incidilir. Bundan qabaqkı Qarabağ müharibəsində də eyni faktlar üzə çıxmışdı. Bir çox qazilərə əlillik qrupların verilməsində problemlər yaradır, onlara qrup vermək istəmirlər. Yaxud, iki ayağı olmayan qaziyə 1-ci qrup vermirlər, 2-ci, 3-cü qrup verirlər. Bu kimi faktlar çoxdur. Hətta qazilərə, əlillərə deyirlər ki, siz 8 min pul alıbsız, ondan bizə şirinlik verin. Əlillik, yardım əvəzində qazimizdən şirinlik istəyirlər. Bu cür hərəkətlər iyrənclikdir. Biz bu torpaqları, bu qələbəni qazilərimizin, yaralılarımızın, şəhidlərimizin sayəsində geri almışıq. Bizim bəzi məmurların şəhid ailəsinə, qaziyə qarşı belə bir sözləri dilə gətirməsi onların nə qədər mənəviyyatsız, şərəfsiz olduğunu göstərir. Belə bir sözü şəhid ailəsinə, əlilliyi olan qaziyə necə demək olar?! Yaxud, əlillər hər dəfə əlilliklərinin təsdiqi üçün bir üç təşkilatda komisiyadan keçməlidilər. Birinin əl-ayağı yoxdur, birinin gözü yoxdur, birinin qolu yoxdur. Yaxşı, bunları ildən-ilə yenidən müayinə etmək nəyi dəyişir? Bu, qazilərə əlavə əziyyət deyilmi? Psixoloji sarsıntı keçirən insanları əlilliyini təsdiq etmək üçün təkrar müayinədən keçirmək onlara növbəti psixoloji travma vurmaqdır. Niyə bunlar olmalıdır? Biz əksinə, cəmiyət olaraq onlara dəstək olmalıyıq. Qazilər hətta əlilliyin təkrar təsdiqi üçün saatlarla növbədə durmalı olurlar. Üstəlik, pandemiya şəraiti, ictimai nəqliyyatın işləməməsi, taksi sifarişi də gərginlik yaradır. Həmin o komissiyadan keçirmək istəyən məmurlar bunda maraqlıdırlarsa, özləri buyursunlar hər bir əlilin evlərinə getsinlər, komisiyanı onların evlərində təşkil etsinlər. Hesab edirəm ki, bu cür hallar, komisiyaların keçirilməsi qəbuledilməzdir, qazilərə əlavə əziyətdir və bu hal dərhal dayandırılmalıdır.

- Fuad bəy, Ermənistan müharibə ritorikasından əl çəkmir. Hətda bu yaxınlarda Laçın dəhlizində Qarabağa silahlı dəstələrin keçirilməsi faktı aşkarlanıb. Bu vəziyyəti necə dəyərləndirirsiz və sülhməramlıların sərgilədiyi yüksək mövqe nədir?

- Bəli, silahlı ermənilərin Qarabağa gətirilməsi faktlarıyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat verdi. Əgər bu fakt təsdiq olunubsa, nəyə görə sülhməramlı qüvvələr onları əraziyə buraxıb? Çox xoşagəlməz hadisədir. Belə halların qarşısı mütləq alınmalıdır. Biz bu faktlara görə təcili olaraq antiterror əməliyatlarına başlamalıyıq. Dekabrın 1-dən sonra Laçında və digər ərazilərdə qalan erməni silahlı dəstələri antiterror əməliyatı ilə məhv edilməlidir. Biz keçmişdə olan səhvləri bir daha təkrar etməməliyik. Əks təqdirdə, qələbəmiz heç olacaq, şəhidlərimizin qarşısında yenə üzüqara olacağıq. Ona görə də sərhədlərimiz qorunmalı, güclənməlidir, pozulmasının qarşısı alınmalıdır.

 

 

0.10763883590698