ALDP sədri: Bunlar sifarişlə işləyən partiyalardı
İşğaldan azad edilmiş torpaqlara səfər edən siyasi partiyalar Müsavat və AXCP tərəfindən hədəfə götürülüb. Sosial şəbəkələrdə və hər iki partiyaya yaxın media orqanlarında səfərdə iştirak edənlər tənqid olunur, aşağılanırlar.
Dəvət almasına baxmayaraq, azad edilmiş torpaqlara getməkdən imtina edən Müsavat başqanı Arif Hacılının mövqeyi ciddi narazılıq doğurub. O, “Turan”a deyib: “Azərbaycan iqtidarının yaratdığı, 50 partiya və iqtidarın dialoqunda Müsavat Partiyası iştirakçı deyil, belə formatda təşkil olunan siyasi prosesdən qıraqdayıq. Bu, bizim öz qərarımızdır. Ağdam səfəri məhz bu siyasi oyunun tərkib hissəsidir, buna görə səfərdə iştirak etmirik. Biz Ağdama digər siyasətçilərlə birlikdə getmək təklifindən imtina etdik. Müsavatçıların özlərinin Azərbaycan torpaqlarının istənilən bölgəsinə getmək hüququ var və gedəcəklər”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə iddia edib ki, işğaldan azad olunmuş əraziyə xarici siyasətçilər və jurnalistlər getməlidir. Yerli insanların oradakı vəziyyətdən onsuz da xəbəri var.
Maraqlıdır, işğaldan azad olunan torpaqlara getmək nə siyasi oyun ola bilər? Yada salaq ki, bundan əvvəl də A.Hacılı 50 partiyanı iqtidara işləməkdə ittiham etmişdi və onları YAP-a birləşməyə çağırmışdı.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”a açıqlamasında ittihamlara belə cavab verdi:
“Ağdama səfərə dəvət aldım və təşkil olunan tədbirdə iştirak etdim. Digər təşkilatların bu dəvəti qəbul edib və yaxud imtina etməsi onların hüquqlarıdır. Amma bu formada şərh edilməsini düzgün hesab etmirəm. Birinci, bir güzgüyə baxsınlar, sonra başqaları haqqında nəsə desinlər. Bunlar hələ də 80-cı illərdə qalıblar. İllər boyu bunlar siyasi oyunda iştirak ediblər, hakimiyyətlə siyasi alver edərək, parlamentdə ”təmsil" olunublar. Xalqı yox, öz şəxsi maraqlarını fikirləşiblər. Vətən müharibəsində dövlətin yanında olmağımız bəyəm siyasi oyundur? Yaxud dəstək verdiyimizə görə niyə YAP birləşməliyik? Qarabağ bizi, iqtidar-müxalifəti birləşdirən məsələdir. Bunlar isə həmişə müxalifəti parçalayan partiyalar olub, sifarişlə işləyən partiyalardı. Sifariş gələndə bir yerdə olurlar, bir müddət keçəndən sonra ayrılırlar".