ALDP sədri: Ermənistan illər boyu xalqımıza, torpaqlarımıza qarşı hərbi və bəşəri cinayətlər törədib

“Ermənistan illər boyu xalqımıza, torpaqlarımıza qarşı hərbi və bəşəri cinayətlər törədib. İndi isə İkinci Qarabağ müharibəsi zamanı onların “İsgəndər-M" raketlərindən istifadə etməsi ilə bağlı fakt ortaya çıxıb. Bu isə beynəlxalq hüququn, humanizm və ədalət prinsiplərinin pozulmasıdır".

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev söyləyib.

Partiya sədri bu məsələnin digər tərəflərindən də bəhs edib: “Böyük ehtimalla bu raketlər Rusiya tərəfindən Ermənistana verilib. Rusiya indiyə qədər bu mövzu ilə bağlı rəsmi və kokret açıqlama verməyib. Onlar vəziyyətdən çıxmaq üçün dedilər ki, Ermənistan hərbiçiləri “İsgəndər-M" raketlərini oğurlayıb. Sonra bu ittihamdan imtina etdilər. Sözsüz ki, burada Rusiya tərəfinin razılığı olub. Xatırlayırsınızsa, bir müddət əvvəl Ermənistanın baş naziri N.Paşinyan təxminən belə bir ifadə işlətmişdi ki, “İsgəndər” raketləri yararsızdır, tam partlamayıb. Rusiya rəsmiləri isə bu açıqlamadan sonra ayağa qalxdı.  Sonda təzyiqdən sonra Paşinyan fikrini dəyişdi. Belə olan halda Rusiyanın mövqeyi başa düşülmür. “İsgəndər”raketləri bir növ Rusiyanın vizit kartıdır.  Bu səbəbdən şimal qonşumuzun məsələyə aydınlıq gətirməməsi narahatlıq yaradır.”

Fuad Əliyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında “İsgəndər-M” raketinin qalıqlarına baxarkən bildirib ki, Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular: “Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik.” Rusiya tərəfindən bu məsələ ilə bağlı rəsmi açıqlama olmasa, biz də sülhməramlıların  Azərbaycan ərazisində qalması məsələsini qaldırmalıyıq. Bu məsələ kompleks şəkildə həll olunmursa, sülhməramlıların məsələsinə aydınlıq gətirmək lazımdır.”

Müsahibimiz bəzi beynəlxalq təşkilatların bu cür ciddi və həssas mövzuya, törədilən hərbi cinayətə susqunluq nümayiş etdirməsindən də söz açıb: “BMT tərəfindən torpaqlarımızın işğalı ilə bağlı 4 qətnamə qəbul edilmişdi və Ermənistan buna əməl etməli idi. Amma qətnamələrə əməl edilmədi və işğalçı ölkə cinayətlər törtməyə davam etdi. Azərbaycan Ordusu həmin dörd qətnaməni də icra edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bəzi ölkələrin susması isə onu göstərir ki, dövlətimizə qarşı təzyiqlər etməyə çalışıblar. Bu təzyiqlərə baxmayaraq, ölkəmiz həyata keçirilən doğru xarici siyasət sayəsində istədiyinə nail oldu. Özlərini demokratik ölkə adlandıran ABŞ, Fransa kimi ölkələrdə erməni lobbisi çox güclü işləyir. Müharibə vaxtı Fransa açıq şəkildə  Ermənistanın yanında olduğunu nümayiş etdirdi. Şükürlər olsun ki, müharibənin sonunda Zəfər bizim oldu.”

Həmsöhbətimiz  vurğulayıb ki, Azərbaycan Liberal Demokrat Partiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsini hər zaman gündəmdə saxlayır.

5.5726571083069