ALDP sədri: Niyə Xarici İşlər Naziri bir açıqlama vermədi?
"Bunlar elə bil ki, dövlət başçısına bəd xəbər, neqativ olan məlumatları, problemləri demək istəmirlər"
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13” youtube kanalına iqtidar-müxalifət münasibətlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, müharibə dövründə yaranan birlik indi də mövcuddur.
“ALDP olaraq necə ki, 44 gün ərzində xaricdə əməkdaşlıq etdiyimiz partiyalara və yüzə yaxın beynəlxalq təşkilatlara müharibə ilə bağlı mütamadi olaraq məlumatları göndərmişdik, müharibədən sonra da Qarabağda erməni faşistlərin törətdiyi cinayət faktlarını göndəririk. Hesab edirəm ki, Qarabağ məsələsini Qələbəmizlə həll etdiyimizə baxmayaraq, biz indi informasiya müharibəsini birlikdə aparırıq”.
ALDP sədri Rusiya sülhməramlılarının sülhməramlı missiyasından kənar fəaliyyətini qeyd etdi: “Rusiya sülhməramlılarının imzalanan məlum bəyanatdan kənar fəaliyyətilə bağlı beynəlxalq təşkilatlara və əməkdaşlıq etdiyimiz partiyalara göndərmişik. Son göndərdiyimiz məlumat “İsgəndər-M” raketi ilə bağlı olub və Rusiya tərəfin bununla bağlı bizə cavab vermədiyini geyd etmişik. Hesab edirəm ki, sühməramlıların qeyri-qanuni, missiyasından kənar fəaliyyəti nəzər alaraq onların Azərbaycanda qalması və vaxtından qabaq çıxarılması məsələsini qaldırmalıyıq”.
“Rusiya tərəfinin “İsgəndər-M” raketi ilə bağlı cavab verməməsi Azərbaycan diplomatiyasının uğursuzluq kimi qiymətləndirmək olarmı?” – sualına Fuad Əliyev belə cavab verdi:
“Dövlət başçısı “Hərbi Qənimətlər Parkı”nın açılışında bunu xüsusilə qeyd etdi. Amma niyə Xarici İşlər Naziri bundan qabağ bir açıqlama vermədi? Niyə Rusiyanın səfirini Nazirliyə çağırmadılar, bir nota vermədilər? Dövlətin digər strukturları da susdu. Yenə də gözlədirlər ki, birinci dövlət başçısı bu məsələyə reaksiya verdin. Sözsüz ki, dövlət başçısını məlumatlandırmaq lazımdır. Hesab edirəm ki, belə məsələlərdə operativ olmaq lazımdır. Baxın dövlət başçısı deyən kimi hamı başladı bu məsələni qabartmağa”.
“Yeni kadırlar vəzifələrə gətirilib, buna baxmayaraq bürokratik yanaşma, sistem hələ də mövcuddur. Bunlar elə bil ki, dövlət başçısına bəd xəbər, neqativ olan məlumatları, problemləri demək istəmirlər. Elə bil ki, qorxurlar, çəkinirlər nədənsə. Müasir bir dövürdə yaşayırıq. İstənilən problem sosial şəbəkələrdə dərhal yayılır, müzakirə olunur. Problemləri vaxtında həll etmiyəndə, onlar dərinləşir və cəmiyyətdə narazılıq artır. Hesab edirəm ki, əksinə problemləri dərhal çatdırmaq lazımdır ki, onlar həll olunsun”- ALDP sədri Fuad Əliyev qeyd etdi.