Təklif - Mayın 8-i “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərində azərbaycanlı korifeylərin musiqisi səslənsin
Baku News xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova maraqlı açıqlama verib. Dinarə Məmmədovanın açıqlamasını təqdim edirik:
8 may tarixində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşanı 28 il ərzində işğal günü kimi xatırlayırdıq.
İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulmuşdu.
Şuşa, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir.
Erməni-faşistləri Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Dağıdılan tarixi abidələr arasında məşhur Şuşa qalası, Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri də var.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Düz 28 il altı aydan sonra müzzəffər Ordumuz 8 noyabr 2020-ci il tarixində Şuşanı azad etməklə Qarabağın dağlıq hissəsinin işğalına son qoydu!
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!
Torpaqlarımızın işğal günləri keçmişdə, tarixdə qalsa da, biz bu günləri yaddan çıxartmamalıyıq. Ermənilərin tarixən türkə düşmən kəsildiyi bəllidir. Qarabağda bərpa işlərlə yanaşı sərhədləridə gücləndirməliyik.
Yaxşı olardı ki, 8 mayda, gün ərzində Azərbaycanın “musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bül-Bülün və digər korifeylərin musiqisi və ifalar səslənsin.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!