Dinarə Məmmədova: Bu məsələdə hər kəs öz üzərinə düşən məsuliyyəti anlamalıdır
Bütün dünyada istifadə olunan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. "Sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı", "Qətlə yetirdi", "Sosial şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərləri izləyirik və ya kimlərinsə sosial şəbəkələrdən istifadə edərək müxtəlif radikal çağırışlar etməsinin şahidi oluruq.
Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır, sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir.
Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Baku News-a deyib ki, sosial şəbəkələrdən yaranan problemlərin həlli praktikası dünyada mövcud deyil:
"Bir neçə ölkədə sosial şəbəkələr qadağan olunub. Amma mən hesab edirəm ki, bu çıxış yolu deyil. Müəyyən məsələləri inzibati yolla həll etmək olar. Qeyri-qanuni çağırışlar edənlərə cinayət işinin açılması, cərimə edilməsi və s. kimi qanuni addımlar tətbiq etmək".
Dinarə Məmmədova bildirib ki, bu məsələdə valideyn məsuliyyəti də vacibdir:
"Mütləq valideyn nəzarəti olmalıdır. Bu məsələdə hər kəs öz üzərinə düşən məsuliyyəti anlamalıdır".
ALDP rəsmisi hesab edir ki, sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və virtual bir dünyada yaşamağa sövq edir:
"Sosial şəbəkələrə aludə olan insanlar günlərlə öz yaxınları ilə ünsiyyət qurmurlar, danışmırlar. Bu da çox ciddi bir məsələdir və insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir haldır".