Brüsseldə sülh gündəliyi: “Bu, prosesin praktiki mərhələyə keçidi üzərində razılıq deməkdir” - RƏY

“Brüssel görüşünün nəticələri Azərbaycanın müharibədən sonra irəli sürdüyü gündəliyə uyğundur”.

Bu sözləri “Report”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O xatırladıb ki, görüşdən öncə Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı beş bəndlik baza prinsipləri təqdim edib:

“Ermənistan bu prinsiplərə Qarabağdakı ermənilərin “statusu”, “öz müqəddəratını təyin etməsi” kimi qondarma əlavələr etmək istəyirdi. Minsk qrupuna müraciət də bu məqsədə xidmət edirdi və Paşinyan Avropa masasında keçirilən görüşü bu istəklərini qəbul etmək fürsəti olaraq görürdü. Çünki “status”, “münaqişənin bitmədiyi” kimi tezislərini Avropada dəstəkləyənlər var. Lakin görüşün nəticəsi bunun tam əksinə oldu. Birincisi, yekun bəyanatda “Qarabağ”, yaxud “status” haqqında heç bir qeyd yoxdur. İkincisi, Minsk qrupu formatının adı çəkilmir”.

Siyasi şərhçi bildirib ki, yekun razılaşmada ən vacib məqamlardan biri sülh sazişinin hazırlanması üçün xarici işlər nazirlərinə tapşırığın verilməsi ilə bağlıdır:

“Bu, prosesin praktiki mərhələyə keçidi üzərində razılıq deməkdir, həm də təsdiq edir ki, Ermənistan Azərbaycanın beş bənddən ibarət baza prinsiplərini iddia etdiyi əlavə şərtlər daxil edilmədən qəbul edib. Bu prinsiplər də Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasını nəzərdə tutur. Eyni zamanda, danışıqlarda ikitərəfli formata keçilməsinə dair razılıq var və bu, sülh sazişinin imzalanmasına əlavə maneələri aradan qaldıracaq”.

A.Nərimanlı qeyd edib ki, digər mühüm məqam sərhədin müəyyən edilməsi üzrə birgə komissiyanın yaradılması ilə bağlı konkret vaxtın razılaşdırılmasıdır:

“İkitərəfli razılaşma 26 noyabr Soçi bəyanatında əksini tapmışdı, lakin indiyə qədər heç bir irəliləyiş yox idi. Aprel ayının sonuna kimi birgə komissiyanın yaradılması bu istiqamətdə irəliləyiş hesab edilə bilər. Sərhədin delimitasiyasının həyata keçirilməsi həm sərhəd bölgəsində gərginliyin azaldılmasına, həm sülh sazişinin hazırlanması prosesinə təkan verəcək, o cümlədən, 10 noyabr razılaşmasının bəndlərinin icrasını, xüsusilə dördüncü bənddə qeyd olunan erməni qoşunlarının bölgədən çıxarılmasını aktuallaşdıracaq. İndi əsas məsələ razılaşmanın praktiki mərhələdə işləməsidir. İndiyə qədərki təcrübə Ermənistanın masada razılaşsa da, praktikada prosesi ləngitdiyini göstərir”.

0.2917799949646