Ramin Məmmədov: “Son Brüssel görüşü Minsk qrupu formatının effektiv olmadığını təsdiq etdi”

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri danışıqların uğurlu keçdiyini söyləməyə əsas verir. Düşünürəm ki, burada Azərbaycan üçün ən önəmli nəticələrdən biri - rəsmi Bakının danışıqların baza prinsipləri kimi irəli sürdüyü beş maddədən ibarət təklifin qəbul edilməsidir”.

Bunu Bakunews.media-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. 

Millət vəkili hesab edir ki, danışıqların bu prinsiplər əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin güclü olduğunu bir daha təsdiq edir:

“Bu, bir tərəfdən Azərbaycanın qalib dövlət olması, iqtisadi, hərbi imkanlarına görə qarşı tərəfdən dəfələrlə üstün olması ilə bağlıdırsa, digər tərəfdən, bizim mövqeyimizin beynəlxalq hüquqa əsaslanmasından irəli gəlir. Çünki təqdim olunmuş beş baza prinsipinin hər biri tamamilə beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə əsaslanır.

Digər bir vacib bir məqam isə ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq mövqeyi də əhəmiyyətli dərəcədə güclənib. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası bizim ölkəmizi dünyada etibarlı tərəfdaş, açıq siyasət yürüdən, qlobal əhəmiyyətli hadisələrə məsuliyyətlə yanaşan, bir çox hallarda dünyanın qarşılaşdığı problemlərin həllinə real töhfələr verən dövlət kimi tanıdıb”. 

Ramin Məmmədov qeyd edib ki, Brüssel görüşünün digər bir önəmli nəticəsi bundan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm formalaşır. Eyni zamanda Avropa İttifaqına hər iki tərəfin etimadının olması danışıqların uğurunu şərtləndirən əsas amillərdən biridir:

“Danışıqlarda yeni formatın meydana çıxması həm də o mənaya gəlir ki, artıq daha əvvəlki formatların işlək olmadığını tərəflər qəbul edirlər. Bu, ATƏT-in Minsk qrupunun 30 illik səmərəsiz fəaliyyətinin etirafı kimi də başa düşülə bilər”.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Minsk qrupunun öz gündəliyini yeni reallıqlara uyğunlaşdırmalı olduğunu, zamanın çağırışlarına uyğun təşəbbüslərlə çıxış etməsinin vacibliyini bəyan edib. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupu həmişə olduğu kimi ləng davranır:

“Hesab edirəm ki, Brüsseldə keçirilən son görüş həm də ona görə əhəmiyyətlidir ki, artıq beynəlxalq ictimaiyyət də Minsk qrupu formatının effektiv olmadığını təsdiq edir. Halbuki Azərbaycan bunu uzun illərdir ki, ən yüksək tribunalardan səsləndirirdi. Azərbaycan bu məsələdə də öz istəyinə nail olur”.

“Son Brüssel görüşündən sonra xarici işlər nazirlərinə təlimat verilməsi və sərhəd məsələsi üzrə birgə komissiyanın yaradılması barədə əldə olunmuş razılıq görüşün kifayət qədər məhsuldar keçirildiyinə dəlalət edir”, - deyə deputat əlavə edib.

0.90262985229492