Buzlaqlar əriyir, geosiyasi savaş qızışır, Britaniya elit qüvvələrlə mesaj verir – TƏHLİL

Birləşmiş Krallıq Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda özünün əzələ nümayişini Arktika Dairəsi coğrafiyasına köçürür.

Arktika regionunun cənub cinahı Böyük Britaniya ilə dəniz qonşuluğuna malikdir, ümumilikdə isə region Rusiya, ABŞ, Kanada, Finlandiya, İslandiya, Norveç və İsveçin ərazilərini əhatə edir.

Britaniya özünün qlobal strategiyasının zərurətindən çıxış edərək Arktika regionuna böyük sərmayə qoyur, bununla həmin regiondakı dövlətlərin (Rusiya xaric) təhlükəsizliyini qorumaq öhdəliyinə sadiqliyini göstərir.

Bu yaxınlarda isə NATO Arktika regionunda soyuq müharibə dövründən bəri ilk dəfə ən böyük hərbi təlimlər keçirib və həmin gövdə nümayişinə Britaniyanın Kral Donanması böyük şövqlə qatılıb.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Kral Donanmasının sularda iştirakı Britaniyanın hegemon rolunun indikatorlarından biridir, bu elit qüvvə dünyanın 12 nöqtəsində donanma saxlayır.

Perspektivdə Arktikada hərbi çəkişmə üçün zəmin yaradan mənbələr sırasında həmin regionda buzlaqların əriməsi və bunun yeni əraziləri əlçatan etməsi də dayanır. İqlim dəyişikliyi geosiyasi gərginliyi artırır, çünki enerji ehtiyatları və mineral ehtiyatlar üzərində rəqabət yeni mərhələyə qədəm qoyur.

Region üzərində çaxnaşma yarada biləcək ikinci amil burada Rusiya-Çin əməkdaşlığının mövcud olmasıdır. Regiona coğrafi bağlılığı olmayan uzaq Çin burada özünün siyasi-iqtisadi maraqlarını yüksək səviyyədə həyata keçirməyə can atır ki, bu da bölgəni və Britaniyanın strateji təmkinini sınağa çəkir.

“Böyük şahmat lövhəsi”ndəki Rusiya-Çin gedişləri Britaniyanı ağıllı siyasət yürütməyə vadar edir, buna görə də, London Qərblə inteqrasiya olunmuş yanaşma şəraitində strateji çağırışlarla məşğul olmağın optimal yolunu seçir.

Britaniya bunun üçün:

1. Arktika regionunda təsirini gücləndirmək naminə daha ardıcıl qərar vermə proseslərini nəzərdən keçirir,

2. Londonun hədəfində Arktikanın hərbiləşdirilməsinə sərmayə qoyuluşunu artırmaq məqsədləri dayanır,

3. Xaricdə bu məqsədlərinin əhəmiyyətli şəkildə dəstəklənməsi üçün imkanlarını səfərbər edir.

Arktikadakı sonuncu təlimlər Birləşmiş Krallığın ideyaları altında həmin bu üç məqsədin bir regionda ifadə edilməsinin göstəricisidir.

Təlimlərə Britaniyanın 3000-dən çox dəniz piyadasının qatılması Rusiyaya ötürülən mesajın hərbi elementlərindəndir, həmin hərbçilər Arktika dairəsinin sahildəki və dənizdəki dərinliklərində özlərinə mövqe seçiblər.

Bununla da, Britaniya özünün şimal cinahını istənilən təcavüzkardan – Rusiyadan - qorumaq öhdəliyini nümayiş etdirir.

Hələlik hibrid müharibə kimi davam edən çəkişmə Arktika regionunun perspektivinə meydan oxuyur.

Rusiya-Ukrayna müharibəsi fonunda bu tendensiya soyuq müharibədən sonra “az gərginliyi olan” və “yüksək əməkdaşlıq” kimi təsvir edilən Arktika regionunda hərarəti münaqişə həddinə qədər qaldıra bilər. Gedişat Rusiyanın da qəzəbinə səbəb olacaq, Moskvaya hiddət verən bir başqa faktor isə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəkləridir.

Aqşin Kərimov

0.95895099639893