Şəhid Ceyxun Mustafazadəyə həsr olunan sənədli film nümayiş olunub
10 avqust 2023-cü ildə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında “Unudulmayan Qəhrəmanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurrəhmanov və digər rəsmi şəxslər, Şəhidin döyüş yoldaşları, ailə üzvləri, Şəhid ailələri, qazilər, Suraxanı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Filmin rejissoru, ssenari müəllifləri İlham Rəsulzadə və Ramiz Ağayev çıxış edərək bildirdilər ki, “Unudulmayan Qəhrəmanlar” adlı ekran işində Şəhid kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlu təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttinin əsasını təşkil edib.
Filmin nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov Şəhid Ceyhun Mustafazadənin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamışdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Vətən oğullarının torpaqlarımızı azad etdiyini bildirən yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Ceyhun Mustafazadə və digər şəhidlərimizin xatirələri, əmanətləri heç vaxt diqqətdən kənar qalmayacaq, unudulmayacaqdır. Onlar haqqında filmlərin çəkilməsi, kitabların yazılması, tədbirlərin keçirilməsi şəhidlərin qısa lakin mənalı ömürlərinin gənclər üçün nümunə təşkil etməsinə də xidmət edəcəkdir.
Daha sonra çıxış edən Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurrəhmanov 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Şəhidin atası Şükür Adilov çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirmişdir.
Sonda YAP Suraxanı rayon təşkilatı tərəfindən Şəhid Mustafazadə Ceyhunun atası Şükür Adilova xatirə hədiyyələri təqdim olunmuşdur.