Andrey Belyaninov Fuad Əliyevlə görüşüb
Avrasiya Xalqları Assambleyasının qərargahında Assambleyanın baş katibi Andrey Belyaninov və Azərbaycan Müstəqil Həmkarlar İttifaqları Assosiasiyasının sədri Fuad Əliyev arasında görüş keçirilib.
Versus.Az xəbər verir ki, tərəflər əməkdaşlıq məsələlərini qaldırıb, həmçinin Avrasiya qitəsi ölkələri arasında tərəfdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışılıb.
Tərəflər, həmçinin müxtəlif ölkələrin xalqları arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə, ölkələr arasında etimadın və qarşılıqlı anlaşmanın təmin edilməsində xalq diplomatiyasının rolunun artırılmasına, ictimai, dövlət, sülhməramlı təşəbbüslərin dəstəklənməsinə yönəlmiş beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə, birgə əməkdaşlığın həyata keçirilməsinə dair razılığa gəliblər. Beynəlxalq əməkdaşlıq sahəsində sosial əhəmiyyətli proqram və layihələrin və mədəni-maarif tədbirlərinin həyata keçirilməsi müzakirə edlib.
Görüşdə xalq diplomatiyasının unikal inteqrasiya potensialından və bərabərhüquqlu beynəlxalq tərəfdaşlıq sistemindən istifadə etmək barədə razılığa gəlinib.
Qeyd edək ki, Avrasiya Xalqları Assambleyası Avrasiya məkanında çoxtərəfli əməkdaşlığın və ictimai (xalq) diplomatiyanın inkişafı yolu ilə sülh və harmoniyanın bərqərar olması naminə sosial inteqrasiya modelinin formalaşdırılmasına yönəlmiş beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assambleya 50-dən çox ölkədən qeyri-hökumət təşkilatlarının nümayəndələrini birləşdirir. Təşkilat mədəniyyət, sahibkarlıq, Avrasiya xalqları arasında inteqrasiya əlaqələrinin inkişafı və ictimai diplomatiya sahəsində 200-ə yaxın tərəfdaşlıq sazişi bağlayıb.