"Azərbaycan Ordusu milli qürur mənbəyimiz və güvənc yerimizdir"
Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı.
Həmin tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı. 30 il işğal altında qalan torpaqlarımız azad edildi. Qarabağ azadlığına qovuşdu.
Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov deyib ki, qalib ölkələrin postmüharibə dönəmində total qələbə eyforiyasına qapılmaları adətən onların sonrakı məğlubiyyətləri ilə nəticələnir. Lakin bizim dövlətimiz və xalqımızın isə belə bir təhlükəli halla üzləşmək qorxusu yoxdur:
"Bəli, 44 günlük müharibədə Azərbaycan şanlı Zəfər qazandı və öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Lakin Birinci Qarabağ müharibəsində torpaqlarımızı işğal etmələri ilə öyünən və reallıq hissini itirən ermənilərdən fərqli olaraq, biz İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəyə görə eyforiya burulğanına düşmədik, müvəffəqiyyətdən başgicəllənməsinə uğramadıq. Əksinə, biz ordu quruculuğunun davam etdirilməsini dövlət siyasətinin əsas prioritetlərimizdən birinə çevirdik. Çünki təcrübə göstərdi ki, 44 günlük müharibədə torpaqlarımızın erməni işğalından azad edilməsinin əsas səbəblərindən biri də son 30 ildə məhz ordu quruculuğunu daim diqqət mərkəzində saxlamağımız, bu sahədə davamlı təkmilləşdirmələrin, modernizasiyanın aparılması oldu.
Biz nəyə görə məhz bu yolu seçmişdik? Çünki 30 il ərzində beynəlxalq təşkilatlar, güc mərkəzləri, o cümlədən artıq tarixin arxivinə qovuşmuş olan Minsk qrupu münaqişənin real həlli üçün hansısa bir əməli addım atmadı. BMT, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar dövləti işğal altında saxladığı ərazilərimizdən çıxmağa məcbur etməliydilər. Lakin əfsuslar olsun ki, bu qurumların fəaliyyəti işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan və “status-kvo”nu qoruyub saxlamaqdan uzağa getmədi. Təcavüzkar Ermənistan və onun havadarları bizi işğal faktı ilə barışdırmaq üçün 30 il ərzində min cür ssenari cızdılar.
Lakin Azərbaycan isə bütün bunların fonunda işğal illərində xoş məram nümayiş etdirərək bir tərəfdən fəal surətdə sülh danışıqları aparırdısa, digər tərəfdən isə torpaqlarımızın güc yoluyla işğaldan azad ediləcəyi variantını da istisna etməyərək tamamilə haqlı olaraq müharibə hazırlıqları aparırdı. Bu, çox düzgün seçilmiş taktika idi. Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə həllini tapmasa, hərb yolu seçiləcək. Zaman İlham Əliyevin haqlı olduğunu göstərdi. 44 günlük müharibədən əvvəlki mərhələdə respublikamızda həyata keçirilən ordu quruculuğu həqiqətən də öz müsbət nəticəsini verdi. Bu baxımdan, güclü iqtisadiyyata əsaslanmaqla müasir ordu quruculuğuna nail olunması ölkəmizin böyük uğurudur. Bu uğurun təməli isə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Pərakəndə silahlı dəstələrin, könüllü özünümüdafiə batalyonlarının əvəzinə, vahid komandanlığa tabe olan müasir ordunun yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır".
QHT sədri vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycanda ordu quruculuğu sahəsində hərcmərcliyin hökm sürməsi bu gün heç kimə sirr deyil: "Ulu Öndər tərəfindən əsası qoyulan müasir ordu quruculuğu prosesi sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Məhz İlham Əliyevin son 20 il ərzində ordu quruculuğuna müstəsna diqqət və qayğı göstərməsi nəticəsində güclü ordunun yaradılması real fakta çevrildi. Ordunun gücləndirilməsinin dövlət siyasətimizin əsas prioritet sahələrdən birinə çevrilməsi, bu sahəyə diqqət və qayğının davamlı şəkil alması son nəticədə böyük Zəfərə imza atmağımıza və Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasına daxil olmasına gətirib çıxardı. Prezidentin siyasi iradəsi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər bu gün də intensiv şəkildə həyata keçirilir, kompleks tədbirlər görülür. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ardıcıl xarakter alıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə hər il kifayət qədər böyük vəsait ayrılır. Azərbaycan Ordusunun maddi-texniki təchizatı getdikcə daha yüksək səviyyəyə çatdırılır. İndi Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələri yeni dövrün çağırışları əsasında və NATO standartlarına uyğun olaraq komplektləşdirilir. Bu da Ordumuzu quruda, suda və havada istənilən döyüş tapşırıqlarını yerinə yetirmək və ölkəmizi istənilən hücumdan müdafiə etmək potensialına malik olan qüdrətli hərbi gücə çevirir.
Ordumuzun gücləndirilməsi, modernləşdirilməsi bundan sonra da davam etdiriləcək. Biz burada bir məqamı da xüsusi olaraq vurğulamalıyıq ki, məğlub Ermənistandan fərqli olaraq bizim iqtisadi gücümüz imkan verir ki, ordumuz üçün yeni silahların, yeni texnikaların alınmasına və eləcə də yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Cənab Prezident də sözügedən mərasimdəki çıxışında bu məsələyə ayrıca toxunaraq bildirdi ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və bu istiqamətdə artıq bir çox müqavilələr imzalanıb, həm yeni pilotsuz uçuş aparatları, həm də uzaqmənzilli raketlər artıq ölkəmizə gətirilib. Eyni zamanda Ali Baş Komandanın tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələri yaradılır. Bu hərbi birliklər qardaş Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında yaradılmaqdadır. Prezident İlham Əliyev qeyd etdi ki, Komando qüvvələrinin sayı get-gedə artırılacaq".
Ə.Hüseynov bəyan edib ki, bütün bunlar bir daha onu göstərir ki, müharibənin başa çatmasından dərhal sonra Ordumuzun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas prioritetlərdən biridir: "Bu sahədə görülən işlər Azərbaycan Ordusuna bundan sonra da regionun ən güclü ordusu, qalib ordusu statusunu qoruyub saxlamağa imkan verəcək. Bu gün Azərbaycan Ordusu sözün əsl mənasında milli qürur mənbəyimiz və güvənc yerimizdir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizə xain gözlərlə baxan istənilən düşməni məhv etmək qüdrətinə malikdir. Yaşasın Azərbaycan Ordusu!".
Fuad
Yazı “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası” layihəsi çərçivəsində hazırlanıb