Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır
“Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir".
Ulu Öndər Heydər Əliyev
Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də özümlüyü və zənginliyi, ahəngdarlığı və rəngarəngliyi, axıcılığı və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir. Xalqımızın bənzərsiz söz sənəti: çeşidli ağız ədəbiyyatı nümunələri, dünya folklorunun nadir incilərindən olan "Kitabi-Dədə Qorqud" dastanları, üsyankar Nəsiminin, qəlb şairi Füzulinin qüdrətli qələmindən çıxan əsərləri bu dildə yaranmış və ona böyük şöhrət və əbədiyaşarlıq qazandırmışdır. Tarixin müxtəlif dönəmlərində amansız və sərt sınaqlarla üzləşən, bu sınaqlardan üzüağ və şərəflə çıxan dilimiz zaman-zaman cilalanaraq daha da saflaşmış, zənginləşmiş və uzun bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının ümummilli lideri, doğma ana dilinin gözəl bilicisi və böyük qayğıkeşi Heydər Əliyev ana dili haqqında demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir". Aforizm səciyyəli bu sözlər də ulu öndərə məxsusdur: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir".
Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara böyük dəstək verdi, ruh yüksəkliyi bəxş etdi, necə deyərlər, qol-qanad açmağa imkan verdi. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Akademik Möhsün Nağısoylu deyib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətləri var.
M.Nağısoylu bildirib ki, dövlətimiz bu sahədə mühüm tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı xüsusilə əhəmiyyətlidir.
«Bu gün ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verilir. Dilçilik İnstitutunda da dilimizin inkişafı və təbliği istiqamətində vacib tədbirlər həyata keçirilir. Başlıca vəzifələrimiz ana dilinin saflığını qorumaq, ədəbi dil normalarını gözləmək, həmçinin dili yad ünsürlərdən təmizləməkdən ibarətdir»-deyə, akademik qeyd edib.
Onu da qeyd edək ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsi əsasında duran mühüm amillərdən biridir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə yanlız ünsiyyət vasitəsi kimi deyil, qədim və zəngin tarixi mədəniyyətin, müasir dünyada müəyyən ictimai mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova deyib ki, nillətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür.
Dil millətin varlığı, onun mənəvi diriliyidir. Dil xalqın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin ifadə vasitəsidir. Dilimiz bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Mənim ana dilim Azərbaycan dilidir. O dil ki əsrlərin, nəsillərin sınağından qətiyyətlə keçərək bizə yadigar qalıb. Bu dil müqəddəs, əzəmətli və qüdrətli bir dildir. Dil həm də mədəniyyətdir, onu qorumaq və ona hörmətlə yanaşmaq lazımdır. Bu dildə nənələrimiz, babalarımız bizə şirin nağıllar söyləmişdir. Ana dili hamı üçün əziz və unudulmaz olmalıdır.
Bizim dilimiz zəngin bir dildir. Azərbaycan dilində yaranmış yüzlərlə nağıllar və saysız-hesabsız bayatılar, tapmacalar, atalar sözləri, məsəllər xalqımızın gözəl və zəngin dili ilə ifadə edilir. Məhəmməd Füzulini və Molla Pənah Vaqifi, Mirzə Fətəli Axundovu və Səməd Vurğunu xalqa sevdirən də məhz dilimizin zənginliyi və şirinliyidir.
Bəli, Azərbaycan dili- ana dilimiz milli mənəviyyatımız, milli kimliyimiz, milli dəyərlərimizdir. Bu dəyərlərimizi qorumalı, gələcək nəsillərə doğru-düzgün çatdırmalıyıq, çünki Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.
Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, qədim tarixə malik olan və min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fuad
Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "50 milyondan çox insanı birləşdirən atribut - AZƏRBAYCAN DİLİ"
layihəsi çərçivəsində hazırlanıb