Fuad Əliyev: Qarabağın inkişafı bütün Azərbaycanın inkişafına töhfə verəcək
“İşğaldan azad olunan Qarabağda şəhərlərimiz, kəndlərimiz 30 il ərzində erməni separatçılar tərəfindən dağıdılıb, viran qoyulub. Xarabalığa çevrilən ərazilərimizi görəndə bu vəhşiliyi törədənin insan olub- olmadığına şübhə edirsən. İndi isə biz Qarabağa qayıtdıq və qayıdan kimi, şəhərləri, kəndləri bərpa etməyə başladıq. Çünki ermənilərdən fərqli olaraq, biz öz dədə-baba torpaqlarımıza qayıtmışıq və bundan sonra heç yerə gedəsi deyilik”
Bu fikirləri prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev Prezident İlham Əliyevin 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışını şərh edərkən Baku News-a bildirib. Onun sözlərinə görə prezident İlham Əliyev çıxış edərkən mühüm məsələlərə toxunub:
“Bu 30 il işğal zamanı ermənilər bizə məxsus olan tarixi abidələri, məscidləri, məzarlıqları dağıtmış, yüzlərlə mədəniyyət abidələrimizi yerlə yeksan etmişdilər. Tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev muzeylərinin yerləşdiyi tarixi binaları tamamilə məhv etmiş, işğal etdiyi ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törətmişlər. Bütün bunları biz Qarabağa gedəndə gördük".
Prezident İlham Əliyev 2-ci Milli Şəhərsalma Forumunda çıxış edərkən bildirdi ki, “Azərbaycan özü, öz imkanları ilə, heç kimdən kömək istamədən, sıfırdan yeni şəhər və kəndlər inşa edir. Bu yeni inşa olunan şəhər və kəndlərdə müasir, qabağcıl texnologiyalar tətbiq edilir. Bunları ona görə edirik ki, keçmiş köçkünlərimizə yaşamaq üçün ən yaxşı şərait yaradılsın”. Mən bunun Zəngilanın Ağalı “ağıllı kəndi”nə səfər edərkən şahidi olmuşam. Nümünəvi, müasir tipli inşa olunan kənddir. Və belə “ağıllı kənd və şəhərlər” Qarabağda inşa olunur”.
Fuad Əliyevin sözlərinə görə, 2021-ci ildə qəbul olunan Böyük Qayıdış layihəsi artıq icra olunmaqdadır:
“İşğaldan azad olunmuş ərazilərin bərpası prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir. Görülən işlər, atılan addımlar göz qabağındadır. Artıq Böyük Qayıdış reallaşıb və davam olunur. Türkiya, İsrail, İngiltərə, İtaliya, Rusiya, Pakistan Qarabağ bölgəsinin iqtisadi layihələrə maraq göstərillər. Qarabağda yeni iş yerlərin açılmasına, turizmin və ümumiyyətlə, Azərbaycanın bu bölgənin inkişafına gətirib çıxaracaq. Bu da, dolayısı ilə bütün Azərbaycanın inkişafına töhfə verəcək”.