Onların qəhrəmanlığı dünya hərb tarixinə, dərsliklərə düşdü
27 sentyabr 2020-ci il! 44 günlük müharibə!
Azərbaycan xalqının xalq olduğunu sübut etdiyi tarix. Torpaq həsrəti ilə yaşayan, gənc nəsillərin görmədikləri belə vətən torpaqları uğrunda ölümə getdiyi müqəddəs vətən müharibəsi. Azərbaycan xalqını başıaşağı gəzməkdən, namus-qeyrət əzabı çəkməkdən qurtaran müharibə. Qız-gəlinlərimizin qisasının erməni vəhşilərindən alındığı müharibə. Və nəhayət, başımızı uca, dilimizi uzun edən müharibə. Dünyaya Azərbaycan xalqının birliyini, gücünü göstərən müharibə.
Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən danışan politoloq Azər Qasımov deyib ki, siyasi xarakterli yazıya bədii giriş etmək ilk növbədə Azərbaycan xalqının on illər gözlədiyi bir tarixi hadisəyə qiymət vermək baxımından romantik olsa da, Azərbaycan insanı üçün bu tarixə belə yaxınlaşmasız münasibət mümkün deyil. Azərbaycan otuz ilə yaxın məqam gözlədi. Bütün təzyiqlərə, başıaşağılığa dözdü. Hərbi cəhətdən hazırlaşdı. Beynəlxalq arenada iş apardı. Məqam gələn kimi son zərbəni vurdu. Buna gedən yol isə uzun və məşəqqətli idi.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
ATƏT-in Minsk Qrupu 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, sonrakı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə həllini təşviq etmək üçün yaradılmışdı. 30 ilə yaxın görüş üstünə görüş, danışıq üstünə danışıq, ümid üstünə ümid verməkdən başqa heç nəyə nail ola bilmədi. Beynəlxalq aləmin gücü ancaq qəbul edilən qətnamələrə, verilən bəyanatlara və təşkil edilən saysız-hesabsız görüşlərə çatdı. İşğalçı ilə işğal edilən arasında fərq qoyulmayan bir şəraitdə heç bir beynəlxalq təşkilat işğalçı ölkəyə təzyiqdən, sanksiyalardan belə danışmadı. Ancaq dedikləri "özünüz öz aranızda razılaşın, biz də siz deyilənlərlə razılaşaq", "siz məğlub ölkəsiniz güzəştlərə getməlisiniz" və ya "Ermənistan balaca ölkədir, bir az torpaq versəniz nə olar ki?" dedilər. "Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur" demələri isə əsl üzgörənlik, ikiüzlülük, ikilistandart idi. Azərbaycan xalqı isə hələ bu haqsızlığa dözürdü. Amma xalq olaraq gec-tez öz torpaqlarını azad edəcəyi günün gələcəyini ümidlə gözləyir, içində düşmənə güddüyü kin-küdurəti biruzə vermirdi. Hər kəs o günü gözləyirdi.
Müharibənin elan edildiyi məqam! Xalq içində saxlayıb gizlətdiyi, böyütdüyü nifrətini düşmənin üstünə tökmək üçün ayağa qalxdı. Cavanı, qocası, qadını, uşağı hər kəs üçün artıq o məqam gəlmişdi. Əli silah tutanlar cəbhəyə getmək üçün hərbi səfərbərlik məntəqələrinə axın edir, cəbhəyə getməyə can atırdı. Xəstə olanlar xəstəliyini gizlədir, yaşlı olanlar yaşlarını gizlədir, evin tək oğlu olanlar tək olduğunu. Kimisi evdən xəlvət qaçıb cəbhəyə getməyə çalışırdı. Xalq cəbhəyə gedənləri yollarda coşqu ilə qarşılayırdı. Yollar boyu əllərində yeməklər paylayan insanlar, dillərində dualar edən ağbirçəklər, uşaqlı-böyüklü Azərbaycan bayrağına bürünmüş adamlar. Yollar boyu əsgər üçün heyvanlar kəsib kabab bişirən insanlar. Hərbi maşınları saxladıb əsgərlərə gətirdikləri siqaret, çörək, kolbasa, meyvə verən adamlar. Çünki bu, Azərbaycan xalqının toyu idi. Azərbaycan xalqı bu günləri on illərlə gözləmişdi. İndi toya gedərcəsinə hər kəs bu müharibəyə öz töhfəsini vermək istəyirdi. Çünki bu müharibə Vətən müharibəsi idi!
Müharibə öz nəticəsini verirdi. Kəndlər, şəhərlər ard-arda azad edilir, hər kəs Prezidentin çıxışını, o dövrlər Prezidentin tvitterdə atdığı tviti gözləyirdi.
Cənab Prezident İlham Əliyev xalqa tez-tez müraciətlə yanaşı bir çox ölkənin jurnalistlərinə müsahibələr verir, informasiya müharibəsi aparır, reallıqları dünyaya çatdırıldı. Cənab Prezident müsahibələrini Azərbaycan dili ilə yanaşı rus, ingilis, türk dillərində verməklə bütün dildən olan auditoriya ilə işləyirdi. Qərb jurnalistləri ilə az qala söz duelinə belə çıxmaq həddinə gələn Prezidentin müsahibələrinin özü informasiya cəbhəsində də ağır döyüşlərin getdiyini göstərirdi. Prezident niyə bu şəkildə fransız, rus və ya Qərb jurnalistlərini acılayırdı, onları özlərini prokuror kimi aparmaqda günahlandırırdı? Çünki müharibə tək görünüşdə deyil, arxa planda da gedirdi. Bir çox ölkələrdən, təşkilatlardan təzyiqlər, hədələr Prezidenti belə danışmağa vadar edir, onların cavabları jurnalistlərin timsalında belə verilirdi. Mesaj verilirdi ki, Azərbaycan kimsədən çəkinmir və sona kimi gedəcək.
Prezident İlham Əliyevin bu çıxışı indinin özündə belə deyilən bəzi fikirlərin üstündən xətt çəkir. Qeyd edirlər ki, bu müharibəni etməyə Rusiya şərait yaratdı. Amma Prezident jurnalistin "Türkiyənin "F16" qırıcı təyyarələri Azərbaycana niyə gəlib?" sualına, "Bu təyyarələr müharibə başlamamışdan əvvəl təlim üçün Azərbaycan gəlib, burda qalıb. Onlar yerdədirlər. Uçmurlar. Bu təyyarələr ona görə burdadır ki, kimsə kənardan bu müharibəyə qarışmasın. Qarışdığı durumda onlar da havaya qalxacaq."
Bu mesaj onu göstərirdi ki, Rusiya hər an müharibəyə qarışa bilər və Türkiyənin Azərbaycandakı qırıcı təyyarələri və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın: "Üçüncü tərəf müharibəyə qarışsa, Türkiyə ordusu da hazır vəziyyətdədir, biz də müharibəyə qarışacağıq" deməsindən sonra kənardan baxmağa məcbur oldu. Təbii ki, müharibənin son anına kimi lazım olan hərbi dəstəyi Ermənistana verən Rusiya sonda oynadığı oyunlara sülhməramlı adı altında Qarabağa girə bildi. Amma bütün bunlar zaman məsələsidir. Onların da Azərbaycan ərazisindən çıxmasına az qalıb.
Deyilənlər fonunda Azərbaycan ordusu qələbə çaldı. İşğal edilmiş yeddi rayonu da daxil Şuşa, Hadrut kimi tarixi ərazilərimiz işğaldan azad edildi. Azərbaycan xalqı və dövləti bu qələbəni Azadlıq Meydanında möhtəşəm hərbi paradla qeyd etdi. Türkiyə Prezidenti hörmətli R.T.Ərdoğanın iştirakı ilə keçirilən paradda Ermənistanın məhv edilmiş, qənimət götürülmüş hərbi texnikalarının nümayişi sensasiya yaratdı. Bu, bir daha erməni canilərinin başına tökülmüş qaynar su oldu. Bakıya kimi gələcəklərini deyən erməni alçaqlarının istəyi bu şəkildə gerçək oldu.
Azərbaycanın öz torpaqlarını azad olunmasını beynəlxalq hüququn tələblərinə uyğun olaraq güc yolu ilə həll etməsi, bu günə kimi özlərini beynəlxalq hüquqdan yüksəkdə hesab edən hegemon güclərin dünya siyasətinə böyük zərbə oldu.
Əsrlər boyu "ərazisi kiçik xalqların heç vaxt öz gələcəklərinə qərar verə bilməz, bunu mütləq iri dövlətlər həll etməlidir" stereotipini qıran Azərbaycan xalqı sübut etdi ki, kimsə onun taleyinə onun yerinə qərar verə bilməz.
Azərbaycanın bu fəaliyyətinin dünyanın əksər dövlətləri arasında müzakirəyə və rəğbətə səbəb olmasının əsas mənası beynəlxalq güclərin iradəsinin əksinə olaraq, heç nəyə baxmadan, öz milli maraqlarını qorumaq bacarığı oldu.
Bu baxımdandır ki, istər Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, istərsə də BMTdə üzv olan əksər dövlətlər bizim bu fəaliyyətimizi dəstəkləyirlər. Onlar başa düşdülər ki, hər bir dövlətin taleyi onun əlindədir, apardığı siyasətdən asılıdır.
Hesab etmək olar ki, Azərbaycanın apardığı bu siyasət dünya siyasi arenasında da dəyişiklərin əsasını qoyacaq. Bir çox dövlətlər bundan ilham alıb öz siyasətlərinə yenidən baxacaqlar.
Dünya gücləri beynəlxalq hüquqla uzlaşan siyasət qarşısında acizdirlər. Odur ki, onlar beynəlxalq hüququn əleyhinə gedə bilmirlər. Azərbaycanın başladığı bu fəaliyyətin uğurla başa çatmasının dünya siyasətində dəyişiklik edəcəyi şübhəsizdir.
Yeni dünya düzəninin yaranmadındakı geniş planda Azərbaycan və Qarabağ problemi Çindən İngiltəyə uzanan böyük yolda regional səviyyədə bir halqadır. Məhz indiki məqamda, dünyada beynəlxalq güclərin yeni koalisiyalar yaratdığı bir geosiyasi durumda Qarabağ probleminin həll edilməsi yaranmış güc mərkəzinin yolunda olan maneənin götürülməsi anlamına gəlir. Beynəlxalq güc mərkəzi şəklində formalaşmış uzun bir zəncirin regional səviyyədə halqası olan Azərbaycan-Ermənistan münaqişəsinin son nəticəsi Zəngəzur dəhlizinin açılmasının mütləqliyidir. Bunsuz bütün işlər yarımçıq olar.
Müharibənin əsas qəhrəmanları igid əsgərlərimizdən danışmaq xüsusi bacarıq tələb edir. Onlar tək hər hansı bir əsgərin müharibə zamanı etdiklərini etmədilər. Onlar elə qəhrəmanlıqları ilə yadda qaldılar ki, dünya hərb tarixinə, dərsliklərə düşdülər. Bu, Azərbaycan xalqının qanında olan gen yaddaşı idi. Tarixlə müasirliyin vəhdəti idi. Müasir hərb üsullarının icadı idi. Tarix yazan ordunun imzası idi.
Daşaltı kəndindən Şuşaya qayalarla dırmaşan xüsusi təyinatlıların qeyri-bərabər döyüşə atılmasından tutmuş, mülki təyinatlı təyyarələri pilotsuz təyyarəyə çevirərək havada hədəf halına gətirib, düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini öyrənməyi ağıl edəcək dərəcədə qeyri-adi üsul fikirləşən, silahlı-silahsız pilotsuz uçuş aparatları ilə şou düzəldən Azərbaycan əsgəri necə də böyük əsgərdir, necə də tərifə layiq əsgərdir!
Azərbaycan gənc nəsli hər zaman müharibə təhlükəsi ilə böyüdü. Üzünü görmədiyi işğal torpaqlarının ancaq adını eşitdi, işğal tarixini əzbərlədi. Hər il "Xocalı faciəsi"ni yad etdi, "20 yanvar" şəhidlərinin üstünə qırmızı qərənfillər qoydu. "31 mart" soyqırım gününü kədərlə qeyd etdi. Bütün bu tarixlər Azərbaycan xalqı kimi Azərbaycan gəncliyini də ayıltdı, ayaqda saxladı, düşmənin kim olduğunu öyrətdi, yaddaşına həkk etdi. Çünki biz unutqan xalqıq. Uzun illər düşmənlərimizə abidə qoyan, onun abidəsinin önünə gül qoyan, onların şəninə əsərlər yazan xalqıq. Bunda xalqın günahı olmasa da, bizi bu durumda yaşamağa məcbur etdilər, vadar etdilər. Artıq bunlar keçmişdə qaldı. Azərbaycan xalqı və gəncliyi oyanıb. Kimin dost, kimin düşmən olduğunu bilir, buna görə hərəkət edir. Azərbaycan gəncliyi qələbənin başlıca qüvvəsidir. Azərbaycan Prezidenti isə bu qələbənin memarıdır. Memar yaratdığı əsərlə fəxr etdiyi kimi, Azərbaycan Prezidenti də öz yaratdığı əsərlə, Müasir Azərbaycanla fəxr edir. Azərbaycan xalqının gələcəyi qalib xalq kimi xoş günləri hələ irəlidədir. Bu xalq yaxşı yaşamağa layiqdir. Bu xalq bunu isbat edib. Layiq olduğu həyatı özü qazanan Azərbaycan xalqının gələcəyini kimsə artıq ondan ala bilməz, saxlaya bilməz. Xalq, dövlət, rəhbər vəhdəti Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə düşəcək!
Fuad
Yazı “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası” layihəsi çərçivəsində hazırlanıb