Nazirlikdən ƏMƏLİYYAT: Odlu silahlar aşkar edilərək götürülüb - FOTO/VİDEO
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Sadıqov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid 6 ədəd atəşə yararlı 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Vüqar Qasımov saxlanılıb. Üzərindən “heroin” aşkar edilən şübhəli şəxsin yaşadığı evdən bir ədəd atəşə yararlı “Makarov” tapançası və dörd ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış, profilaktiki tədbirlər nəticəsində rayon sakinlərinə məxsus 8 ədəd, müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri də aşkar edilərək götürüb. Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri silsilə tədbirlər nəticəsində cari ilin müvafiq dövründə ümumilikdə 27 ədəd qanunsuz saxanılan odlu silah müsadirə olunub.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədov polis əməkdaşları tərəfindən tutulub. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib. Araşdırmalar davam etdirilir.
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.
Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 3 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.