Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, mayın 2-də səyyahlar Laçın şəhərinə səfər ediblər.

Onlar əvvəlcə şəhərin Seyrəngah ərazisinə gəlib, burada Laçın şəhərinin tarixi barədə məlumat əldə ediblər.

Bildirilib ki, əsrarəngiz təbiəti, qədim tarixi abidələri, həmçinin bu şəhərdə qısa müddətdə aparılan nəhəng bərpa-quruculuq işləri nəticəsində Laçın yenidən Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Sonra səyyahlar Laçın şəhərini gəziblər. Onlar Zəfər küçəsində yenidənqurma işlərinə baxış keçirib, 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsi ilə tanış olublar.

Xatırladaq ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə Qarabağ və Şərqi Zəngəzura 9 səfəri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünyaşöhrətli “Vagaclub”unun səfəri bu qəbildən sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Dünyada milyonlarla insan onların vasitəsilə Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

0.045583963394165