Overçuk: “Ermənistan başa düşür ki, Aİİ üzvlüyünün ona verdiyi imtiyazları başqa heç yerdə ala bilməyəcək”

“İrəvan Moskva ilə əlaqələri kəsmək niyyəti ilə bağlı heç bir rəsmi açıqlama verməyib”.

Bunu “İzvestiya”ya müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Ermənistanın Rusiya Federasiyası ilə əlaqələri kəsmək planları bizə aydın deyil, bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama bizə gəlib çatmayıb”, - o bildirib.

Overçukun sözlərinə görə, Ermənistan başa düşür ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünün ona verdiyi imtiyazları başqa heç yerdə ala bilməyəcək.

“Ölkə rəhbərliyi bunu anlayır. Oradakı insanlar ağıllıdırlar. Ona görə də, biz Ermənistanın baş nazirinin bəyanatlarında, Ali Avrasiya İqtisadi Şurasında, Avrasiya Hökumətlərarası Şuralarında həmişə Paşinyanın müsbət ifadələrini görürük”, - o qeyd edib.

Overçuk xatırladıb ki, 2024-cü ildə Ermənistan Aİİ-yə sədrlik edir, Avrasiya İqtisadi Komissiyası Şurasının iclaslarına isə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan sədrlik edir.

“Biz bir çox məsələlər, o cümlədən ikitərəfli gündəm üzrə daim təmasdayıq. Aİİ-də erməni həmkarlarımızla iş çox konstruktiv şəkildə gedir”, - deyə Rusiya Federasiyası baş nazirinin müavini yekunlaşdırıb.

0.047904968261719