İnternet insanlar üçün faydalı imiş
Qlobal araşdırmalar internetin insanlar üçün faydalı olduğunu müəyyənləşdirib.
Bununla bağlı 2,4 milyon insanın məlumatları araşdırılıb.
Dünya miqyasında aparılan bir araşdırma internetdən istifadənin özünü xoşbəxt və sağlam hiss etməklə çox əlaqəli olduğunu göstərib. İnternetdən istifadənin, ümumiyyətlə, psixi sağlamlığa mənfi təsirləri olduğu düşünülsə də, bu sahədə aparılan araşdırmalar daha çox sosial media üzərində cəmlənir. Məsələn, keçən il aparılan bir araşdırma sosial mediadan istifadəni azaltmağın depressiya və narahatlıq üçün müsbət olduğunu müəyyən edib. Oksford və Tilburq universitetlərinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırmada ümumi internetə çıxış və istifadənin təsiri də araşdırılıb. 168 ölkədən 2,4 milyondan çox insanın daxil olduğu araşdırmanı aparan qrupun məlumatına görə, bu, indiyədək aparılan ən böyük tədqiqatdır.
"Technology, Mind and Behaviour" jurnalında dərc edilən araşdırmada 2006-2021-ci illər arasında 15 və daha yuxarı yaşda olan 2,4 milyondan çox insanın məlumatları təhlil edilib. İştirakçılardan internetə çıxış və istifadə haqqında məlumat verməklə yanaşı, həyatdan məmnunluq, sosial həyat, məqsədlər və sosial xoşbəxtlik duyğuları kimi müxtəlif aspektlərdə rifahlarını qiymətləndirmələri istənilib. Gəlir, təhsil səviyyəsi, sağlamlıq və münasibət statusu kimi faktorları nəzərə alan tədqiqatçılar, demək olar ki, 85 faiz hallarda internetə qoşulma ilə rifah hissləri arasında müsbət korrelyasiya müşahidə ediblər.
Məqalənin həmmüəllifi professor Andrev Przybylski deyir ki, sübutlar internet qaydalarında nəzərə alınmalıdır: "Onlayn dünyanı gənclər üçün daha təhlükəsiz etmək istəyiriksə, qərəzli yanaşmalar və hər kəsə uyğun olan məsələlərlə başlaya bilmərik. Fikirlərimizin məlumatlarla dəyişdirilməsinə həqiqətən açıq olmalıyıq".
Mənbə: "The İndependent"