Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı
Bakıda son üç ayda eyni marketdən 66 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, 1997-ci il təvəllüdlü Hüseyn Zeynalov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Səbail rayonu, "20-ci sahə" dairəsi yaxınlığında yerləşən supermarketdən 30 ədəd şokoladı idman gödəkcəsinin içərisinə qoyaraq, marketdən çıxmaq istəyib. Bu zaman marketin mühafizəsi tərəfindən saxlanılıb. Həmin şəxs hadisədən üç ay əvvəl, yəni 2024-cü ilin fevral ayında da həmin marketdən 36 ədəd şokolad oğurlayıb.
O, məhkəmədə oğurladığı şokoladları kafelərə bir manata satdığını bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 30 gün müddətinə inzibati qaydada həbs edilib.