Azərbaycanda Həcc ziyarətinin qiyməti niyə qalxıb?

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota artıq dolub.

Bakunews.media xəbər verir ki, Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.

Qeyd edək ki, ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət hava nəqliyyatı ilə həyata keçiriləcək.

Artıq son bir neçə ildir ki, Həcc ziyarətinin bir nəfər üçün olan qiymətinin artırılması ilə bağlı narazılıqlar olur. Bununla bağlı suallar da verilir

İqtisadçı ekspert Eldəniz Əmirov başqa ölkələrlə müqayisə apararaq qiymət artımının səbəblərindən danışıb:

"Hazırda bir nəfər üçün Həcc ziyarətinin qiyməti 5 min 850 ABŞ dollardır. Ötən il isə mart ayında bu qiymət 5 min 750 dollar olub. Bu, ötən illə müqayisədə ciddi artım deyil. Ona görə ki, bunu faizə çevirdikdə bu il ötən ilə nisbətən 1,7 % artım olub. İnflyasiya faktoru nəzər alınsa, bu, elə də ciddi artım deyil. Çünki ötən il Azərbaycanda 8,8 %, Ərəbistanda isə 2,47 % inflyasiya olub. Odur ki, 1,7 % artım normal hesab edilə bilər.

Lakin ümumiyyətlə, "bir nəfər üçün 5 min 850 ABŞ dollar, təxminən 10 000 manata qədər olan qiymət çoxdur, yoxsa az?" sualına ciddi hesablama və təhlillər aparmadan cavab vermək mümkün deyil. Sadəcə onu qeyd etmək olar ki, tələbin yüksək olmasına rəğmən, təklifin kəskin az olması həmişə və hər yerdə qiymətlərə təsir edir. İstənilən xidməti təklif edən subyekt rəqibsiz olduğu təqdirdə və üstəlik məhdud sayla olarsa, bu, özünü qiymətdə göstərməyə bilməz".

Xatırladaq ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Qeyd edək ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

0.22955012321472