Başqırdıstanda rayon rəhbərinin gizli çəkilmiş şəkli qalmaqala səbəb oldu
Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov sensasion açıqlama verib. O bildirib ki, Bakalı rayonunun rəhbəri Oleq Yefimovun Sabantuy bayramı zamanı içki içərkən çəkilmiş fotoşəkli əlinə keçib.
Məlum olub ki, sözügedən bayram zamanı içki içmək qadağan olunsa da, Yefimov bu qadağanı pozub.
Xabirov dərhal Yefimova ən ciddi xəbərdarlıq edib və bildirib ki, əgər bu cür hal təkrarlanarsa, o, respublikadan kənarda başqa iş axtarmalı olacaq.
"Sabantuyun alkoqolsuz bayram olması mövzusunda danışmaqdan yoruldum. Mən şəxsən bələdiyyə başçılarına xəbərdarlıq etmişəm ki, siz buna cavabdehsiniz. Ən əsası, özünüz spirtli içki içməyi düşünməyin. Bu, aldatma və ədalətsizlikdir. Yəni insanlara deyirik ki, içməsinlər, amma özümüz gizlincə içirik", - deyə Başqırdıstan rəhbəri əlavə edib.
Qeyd edək ki, Sabantuy türk xalqlarının ənənəvi bayramıdır və yayın girməsi ilə qeyd olunur.
Mənbə: Pravdapfo.ru