Nisə Qasımova: “Mən nə “birinci bahar” yaşadım, nə də “ikinci baharım” oldu” - VİDEO

“Ətrafdakı insanlar hər zaman mənə deyirdilər ki, “Nisə, sən “ikinci bahar” yaşayırsan”. Etika xətrinə o insanların bu sözlərini qəbul etsəm də, qulaq ardına vururdum”.

Bakunews.media xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova AzTV-də yayımlanan “Ağ Qara” proqramında deyib. Sənətçi ailə həyatı ilə bağlı bəzi məqamlara çılpaqlığı ilə deyil, üstüortülü şəkildə toxunaraq, bu sözləri dilə gətirib:

“Mən nə “birinci baharı” tamlığı yaşadım, nə də ki “ikinci baharım” oldu. Düşünürəm ki, bəlkə bundan sonra “ikinci baharı” yaşayacağam. Hər şey ola bilər”.

Verilişin aparıcısı, aktyor Kamran Ağabalayev ilə həmsöhbət olan Xalq artisti illər öncə ifa etdiyi və sənətinə ikinci dəfə dönüş etdiyi “Qayıtdım” mahnısı ətrafında saxladığı sirləri gün üzünə çıxarıb:

“Verəcəyim bir neçə konsert ilə əlaqəli Moskva şəhərinə getdim. Elə oldu ki, orada bir müddətlik qalası oldum. Orada olduğum müddətdə incikliklərim və küsülülüklərim yadıma düşdü. Moskvaya getməmişdən öncə çox əziyyətlər çəkdim. Sənətdə mənə olan maneələr, qeyri-obyektiv münasibətlər, tapşırıqlarla başımın üstündə görülən işlər məni çox incidirdi. Öz-özümə söylədim ki, Moskvada qalacağam, geri - Azərbaycana, Bakıya dönməyəcəyəm.

Rəhmətlik anam, qardaşım, bacım və onun övladları da yanımda idi. Onlar da bir neçə aydan sonra yanıma gəldilər. Çünki bilirdilər ki, mən tək qala bilmərəm. Tam səmimi deyim ki, vətənə dönmək istəmirdim. Amma qayıtdım... Bilirdim ki, mənim yolumu gözləyən və sevən insanlar var.

Sənət yoldaşlarım qayıtdığım zaman çox dəstək oldular. Onlara, buna görə çox minnətdaram. Mən o mahnını oxudum, anladım ki, o mahnı tək mənə aid deyil. Qlobal mövzudur. Sənətinə, vəzifəsinə, evinə, əsgərlikdən qayıdan hər bir şəxsin qayıdışına aid oldu bu mahnı. Bir motivasiyaya çevrildi”.

Rəşad Əliyev

0.49472689628601