İsti havaların qənimi kondisioneri necə təmizləməli?
Qızmar havada, bəzən 40 dərəcəyə çatan temperaturda şəhər əhalisinin dadına kondisionerlər çatır. Onları vaxtlı-vaxtında təmizləməyəndə isə bir sıra problemlər yaranır.
Kondisioneri təmizləmək birinci növbədə sağlamlıq üçün vacibdir. Çünki kondisionerdə yığılan bakteriya və mikroblar havaya qarışaraq nəfəs yollarında allergik reaksiyalara, astma kimi xəstəliklərin ağırlaşmasına səbəb olur.
Kondisioneri təmizləmək həm də qənaət deməkdir. Mütəxəssislər bildirirlər ki, kondisionerdə yığılmış çirk kompressorun sıradan çıxmasına səbəb olur. Kompressorun dəyəri isə bəzən yeni bir kondisionerin qiymətinə bərabər olur.
Bakunews.media bunları nəzərə alaraq, kondisionerlərin təmizlənmə qaydalarını oxucularına təqdim edir.
Kondisioner iki blokdan ibarətdir - xarici və daxili.
Xarici blok havanın daxil olduğu və çıxarıldığı, bayırda yerləşən hissədir. O hissəyə ancaq mütəxəssislər tərəfindən qulluq göstərilir.
Daxili bloka isə hər kəs özü qulluq edə bilər. Bunun üçün onun filtrini təmiz saxlamaq yetərlidir. Filtrlər iki həftədən bir yuyulmalıdır.
Kondisioner filtrini necə təmizləmək olar?
İsti havaların qənimi kondisioneri necə təmizləməli?
Filtr kondisionerin çox vacib hissəsidir. Havadakı toz və çirkin kondisioner sisteminə daxil olmasının qarşısını alır. Evdəki toz, çirk vaxt keçdikcə bu filtrdə yığılıb qalır. Bu səbəbdən kondisionerin səmərəliliyi azalır və havanın keyfiyyəti pisləşir. Həm kondisionerin fəaliyyətini yaxşılaşdırmaq, həm də havanın keyfiyyətini artırmaq üçün kondisioner filtri təmizlənməlidir.
Kondisioner filtrinin təmizlənməsi prosesi olduqca sadədir. Əvvəlcə kondisioner filtrini çıxarmaq lazımdır. Filtri çıxarmaq üçün kondisionerin daxili blokunun ön paneli açılmalıdır. Filtr panelin arxasında yerləşir və asanlıqla çıxarıla bilər.
Filtr yumşaq bir şəkildə fırçalanmalı və ya tozsoranla təmizlənməlidir. Filtr hər istiqamətdə fırçalanmalıdır. Kondisioner filtrini yumaq da mümkündür. Lakin bu məsələdə diqqət etməli olduğunuz məqam budur ki, onu yuyarkən kimyəvi təmizləyicilərdən istifadə etməyin. Çünki filtrin keyfiyyəti itəcək və kondisionerin fəaliyyətinə pis təsir göstərəcək. Onu, sadəcə, adi kran suyu ilə yumaq və ya filtrtəmizləyici spreylə təmizləmək lazımdır. Yuduqdan sonra yaxşıca qurudub yerinə qoymaq lazımdır. Tam qurumadan yerinə qoysanız, kondisionerin "beyni" zədələnə bilər.
Təmizlənməyən kondisionerin ziyanı nədir?
Mütəxəssislər qeyd edirlər ki, kondisionerin içərisi nə qədər çox çirkli olarsa, o, bir o qədər pis işləyəcək. Bu zaman onun həm səsi artacaq, həm gücü azalacaq, həm də daha çox elektrik sərf edəcək. Bundan əlavə, içindəki bakteriya və göbələklər hopmuş toz da çoxalaraq xoşagəlməz qoxuya səbəb olacaq.
Əzizə İsmayılova