Azərbaycanda bəzi kanalların yayımı DAYANDIRILIR
Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.
Bakunews.media xəbər verir ki, ilk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.
Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.
Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub. Monitorinqlər nəticəsində "ATV" televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, "ARB" televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının ("ARB 24" MMC-nin, "ARB" kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının, "ATV" kanalının, "RTV" MMC-nin və "ARB Günəş" kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.