Fuad Əliyev media nümayəndələrinə çağırış etdi
“Azərbaycanda işçiləri iş saatından artıq işlədən bir çox təşkilatlar var”
Bunu azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə bu həm dövlət, həm də özəl sektorunda müşahidə olunur:
“Əmək hüququnun, demək olar ki, dünyanın əksər ölkələrində pozulduğunu görürük. Azərbaycanda da işçiləri iş saatından artıq işlədən bir çox təşkilatlar var. Bu həm dövlət, həm də özəl sektoruna aid etmək olar. Müstəqil Həmkarlar Birliyinə müraciət edən vətəndaşlarla söhbət əsnasında məlum olur ki, hər gün 10-12 saat işləyirlər. Və artıq işlədiyi saatlara görə heç bir ödəniş olunmur. Biz də öz növbəmizdə onlara izah edir ki, əmək qanunvericiliyinə əsasən, həftəlik iş norması 40 saatdır. Gündəlik 8 saatdan artıq işçi işləyə bilməz. Bu 40 saatdan əlavə saatda ki, işçi işləyib, bunun üçün işçi özünün saatlıq əmək haqqının iki mislindən az olmayaraq əlavə ödəniş almalıdır. Amma bu tələb bəzi dövlət və daha çox özəl sektorlunda pozulur”.
Fuad Əliyev hesab edir ki, işçilərin əmək hüquqları ən çox tikinti sektorunda pozulur:
“Tikinti sektoruna aid qəbul edilən bir çox qanunverici aktlar, xüsusən “Tikinti sahəsində qeyri-formal əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanı bəzi yerlərdə icra olunmur. Sual vermək lazımdır ki, niyə Azərbaycan Həmkarlar İttifaları Konfederasiyası susur, problemi görməmizliyə qoyaraq, özünü heç nə olmamış kimi göstərir. Hər bir işçidən üzvlük haqqı yığır, amma bir dəfə də olsun işçilərin hüquqlarının müdafiə etməyib.
Fuad Əliyev Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində media nümayəndələrin Müstəqil Həmkarlar Birliyinə dəstək verməyinə çağırış edərək bildirib ki, birgə fəaliyyət göstərməli və resurslarını birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmağa və işçilərin istismarına son qoymağa çalışmalıyıq.