Həyat yoldaşını restoranda işlədiyinə görə öldürən ərə ağır cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə qəsdən adam öldürmə maddəsi üzrə təqsirləndirilən şəxs - Qədir Qasımovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, prosesdə şahid qismində hadisəni törədən şəxsin azyaşlı qızı Şəbnəm Xamoyeva ifadə verib:
"Hadisə səhərə yaxın oldu. Atam içkili vəziyyətdə evə gəldi, mənim gözümün qabağında anamı öldürdü. Atam həmişə evə içkili gəlirdi, anamı döyürdü. Hətta anam bişirən yeməkləri çölə atırdı".
Sonra Qədir Qasımovun bacanağının anası Pərizadə ifadə verərək bildirib ki, hadisə Zülfiyyənin restoranda işə girməsi üstündə baş verib:
"Mən oğlumun evinə qonaq gəlmişdim. Evdə uşaqlardan mənim nəvəm İslam və Şəbnəm var idi. Mən şəkər xəstəsi olduğumdan yatmışdım. Birdən səsə oyandım. Hadisə uşaqların gözü qabağında baş verib, Qədir bıçaqla Zülfiyyənin boyun, çiyin, kürək nahiyələrindən vuraraq öldürüb. Hətta danladım da Qədiri, dedi gedirəm polisə təslim olmağa. Gedib 40-cı polis bölməsinə təslim oldu".
Məhkəmənin növbəti gedişində hakim Telman Hüseynov cinayət işinin materiallarını tədqiq edib. Məlum olub ki, Qədir Qasımov 3-cü qrup əlildir.
Sonra hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı qərarı elan edib və dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək Qədir Qasımovun 19 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Sonra təqsirləndirilən şəxsin vəkili Toğrul Məmmədov çıxış edərək qeyd edib ki, cinayətin törədilməsində xuliqanlıq niyyəti olmayıb, həmçinin hadisə azyaşlı uşaqların gözü qarşında baş verməyib. Müdafiə etdiyim şəxsə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza verilməsini istəyib.
Qeyd edək ki, Qədir Qasımov son sözündə həyat yoldaşı Zülfiyyə Xamoyevanı qısqanclıq zəminində öldürdüyünü bildirib.
Çıxışlardan sonra hakim hökmü elan edib və Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən il noyabrın 2-də səhər saat 7 radələrində Binəqədi rayonu, yeni yaşayış massivində yerləşən evlərdən birində qeydə alınıb. Orada yaşayan, 37 yaşlı Zülfiyyə Alim qızı Xamoyevanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 42 yaşlı Qədir Tahir oğlu Qasımov saxlanılıb. Qədir Qasımov barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.