Sadık Akyar: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - ÖZƏL
Noyabrın 19-da Co Bayden Ukraynaya Rusiyanın daxilinə ABŞ raketləri ilə zərbə endirməsinə icazə verib. Daha sonra Fransa və Böyük Britaniya öz uzaqmənzilli silahları ilə eyni məqsədlə istifadə etmək üçün analoji icazəni veriblər.
Bu qərarlardan sonra Ukrayna ilk dəfə ATACMS və "Storm Shadow" raketləri ilə Rusiya ərazisini vurub. ABŞ və Avropa ölkələrinin son addımlarına cavab olaraq Vladimir Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiq edən Fərman imzalayıb. Noyabrın 20-dən 21-nə keçən gecə Rusiya "Oreşnik" orta mənzilli ballistik raketi ilə Dnepr şəhərini vurub. Hücumdan dərhal sonra xalqa müraciət edən Putin, Ukraynanın Qərb istehsalı olan raketlərlə Rusiya ərazisinə hücum etməsindən sonra, "Oreşnik" raketləri ilə cavab verdiklərini bildirib.
Məsələ ilə bağlı Bakunews.media-a müsahibə verən təqaüddə olan Baş Qərargah Polkovniki, Şimali Kipr Girne Amerika Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, GAÜ Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru Sadık Akyar bildirib ki, ABŞ və Avropa ölkələrinin ötən ilin yazında verdiyi müxtəlif yardımlarla Ukraynanın irəliləyiş gözləntiləri var idi, lakin bu baş vermədi.
"Əslində, ötən ilin yaz dövrünə baxanda verilən artilleriya sistemləri, tanklar, qabaqcıl silah sistemləri, F-16 məsələsi, hətta bəzən Fransa və Polşa kimi ölkələrin də əsgər göndərəcəyi ilə bağlı müxtəlif şayiələrə əlavə olaraq Ukraynanın əks-hücuma keçəcəyi və müharibənin bununla bitəcəyinə dair gözləntilər var idi. Amma bu gözləntilərin əksinə olaraq yaz-yay dövrlərində heç bir inkişaf olmadı. Yayın sonunda Ukrayna Kurska daxil oldu, lakin Rusiya bu irəliləyişi bir nöqtədə dayandırdı. Daha sonra Rusiyanın ABŞ-dəki seçkiyə qədər Ukraynaya qarşı bütövlükdə hücuma keçmədiyini, amma irəlilədiyini müşahidə etdik. Hətta bu irəliləyiş nəticəsində sülh danışıqlarının başlaya biləcəyi də irəli sürülmüşdü. Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı təbliğat xarakterli açıqlamaları da prosesə öz təsirini göstərdi. Seçkini uduzan Bayden, amerikalıların öz təbirincə desək, yanvarın 20-nə qədər "axsaq ördək" mövqeyində qalıb. Bayden administrasiyası həm daha əvvəl Ukraynaya verdikləri ATACMS-1 raketləri, həm də tədarük edəcəyini söylədiyi ATACMS-2 raketləri ilə anidən Rusiyanın daxilinə hücum etməyə icazə verdi. Bundan dərhal sonra Fransa və İngiltərə də "Storm Shadow" ilə bağlı oxşar açıqlamalar verdilər. Ukrayna bu raketlərlə hücum etdi və bunun qarşılığında Rusiya ölkənin nüvə doktrinasına yeni düzəlişlər etdi", - o bildirib.
Müsahibəni tam olaraq aşağıdakı videoda izləyə bilərsiniz: