Keçmiş arvadının yeməyini bəyənməyən ər onu vəhşicəsinə DÖYDÜ

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Aytən Bağırovaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin noyabrın 5-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində baş verib.

Vüsal həmin ərazidə yerləşən, 66 nömrəli uşaq bağçasının inzibati binasında keçmiş həyat yoldaşı Aytənin hazırladığı nahar yeməyini bəyənmədiyi üçün mənzili dağıdıb və bu səbəbdən aralarında yaranmış mübahisə zamanı yumruqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-cı ildə Aytən ilə evlənib. onunla nikahından bir övladları doğulub, sonradan ailələrində mütəmadi olaraq münaqişələri yaranıb:

"Bu səbəbdən 2021-ci ilin yay aylarında Aytənlə rəsmi olaraq boşandıq. Buna baxmayaraq Aytənlə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 66 nömrəli uşaq bağçasının inzibati binasındakı otaqların birində yaşamağa davam etdik. Birlikdə yaşadığımız müddətdə Aytənlə mütəmadi olaraq aramızda münaqişə yaşanıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 14:00-da yaşadıqları evin yaxınlığında yerləşən avtoyuma məntəqəsində işdə olarkən Aytənə zəng edib və ona nahar yeməyi hazırlamasını tapşırıb:

"Aytən də nahar hazırlayacağına söz verdi. Bir qədər sonra yaşadığımız evə gələrək nahar etdim. Aytənin hazırladığı yeməyi bəyənmədiyimdən yeməyi itələyərək yerə dağıtdım. Bu səbəbdən aramızda yenidən münaqişə yarandı. Həmin vaxt əsəbiləşdiyimdən əlim ilə Aytənin üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurdum".

İş üzrə zərərçəkmiş Aytənin sözlərinə görə, birlikdə yaşadıqları müddətdə əri Vüsal ilə mütəmadi olaraq aralarında münaqişə yaşanıb və Vüsal tərəfindən təhqir edilib:

"Hadisə günü saat 14:00-da yaşadığımız evdə olarkən Vüsal zəng edərək nahar yeməyi hazırlamağımı tapşırdı. Sonradan Vüsal yaşadığımız evə gələrək yemək yeyərkən hazırladığım yeməyi bəyənmədi. Vüsalın hərəkətlərindən əsəbiləşdiyimdən aramızda mübahisə yarandı. Bundan sonra Vüsal ünvanıma nalayiq ifadələr işlədərək ilk əvvəl əli ilə üz nahiyəmə, sonradan isə bədənimin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq məni döydü, bədən xəsarəti yetirdi. Vüsalın əlindən çıxaraq həyətə çıxdıqdan sonra zəng vuraraq hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə məlumat verdim".

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

0.087934970855713