Rusiyada həmkarının evini yandıran deputat saxlanıldı

Rusiyanın Leninqrad vilayətində deputatın həmkarının evində yanğın törətməkdə şübhəli bilinən Vsevolojsk şəhər qəsəbəsinin Deputatlar Şurasının deputatı və onun üç ortağı saxlanılıb.

Bakunews.media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsi "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunur ki, deputat və onunla əlbir olan üç nəfər barəsində cinayət işi başlanılıb.

Müstəntiqlərin sözlərinə görə, həmkarına qarşı şəxsi düşmənçilik bəsləyən bələdiyyə deputatı onun evini yandırmaq üçün üç nəfəri şəxsən tapıb. Plana uyğun olaraq hərəkət edən cinayət ortaqları 2024-cü il avqustun 18-də evdə heç kimin olmadığını müəyyən etdikdən sonra evi yandırıblar. Dəymiş ziyan 30 milyon rubldan çox (təxminən 532.6 min manat) qiymətləndirilir.

İstintaq müəyyən edib ki, yanğından sonra şəriklər hadisə yerindən qaçıblar. Bu cinayətə görə onlara 6 min dollar (təxminən 10 200 manat) mükafat verilib.

Hazırda şübhəli deputat və onun cinayət ortaqları saxlanılıblar. Tezliklə onların barəsində rəsmi ittiham irəli sürüləcək.

0.054347991943359