Leysan yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU - 26.10.2024

Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır və küləkli hava şəraiti müşahidə olunur, mülayim şimal-qərb küləyi əsir.

Bu barədə Bakunews.media-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, axşam və gecə yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var:

"Sabah səhər saatlarından yağış tədricən kəsiləcək. Narıncı xəbərdarlığa uyğun olaraq, oktyabrın 26-da axşama doğru şimal-qərb küləyinin arabir 20.8-28.4 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 27-si səhər saatlarından şimal-qərb küləyi mülayimləşəcək".

G.Abbasova hazırda şimal-qərb rayonlarından başlayaraq Qəbələ, Şabran, Quba , Şəki, Xaçmaz, Qusar, Oğuz, Qax, Daşkəsən, Balakən, Zaqatalada arabir yağıntılı hava şəraitinin müşahidə olunduğunu, Şahdağda isə qar yağdığını qeyd edib:

"Bölgələrdə yağıntılı hava şəraitinin oktyabrın 27-si günün ikinci yarısınadək davam edəcəyi, xüsusən də, Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur".

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Bakunews.media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir. Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.

Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

0.078936100006104