Meksika cəngəlliklərində yüzilliklərdən sonra tarixi kəşf: Nəhəng qədim Mayya şəhəri aşkar edildi

Meksikanın cənub-şərqindəki Kampeçe əyalətində Valeriana adlandırılan nəhəng qədim Mayya şəhəri aşkar edilib.

Bu barədə Bakunews.media TGRT Haber-ə istinadən xəbər verir.

Əsrlər boyu meşələrin dərinliklərində gizlənən bu əsrarəngiz şəhər Tulan Universitetinin Arxeologiya fakültəsinin tələbəsi Luke Auld-Tomas tərəfindən kəşf edilib.

O, internetdə araşdırma apardığı zaman bölgə ilə bağlı maraqlı məlumatlara rast gəlib və nəticədə təsadüfən bu tapıntı ortaya çıxıb.

Luke Auld-Tomas Meksikada ətraf mühitin monitorinqi təşkilatının apardığı lazer tədqiqatının nəticələri ilə qarşılaşıb. Lazer impulsları ilə həyata keçirilən bu araşdırmanı nəzərdən keçirən Tomas meşə ilə örtülü ərazidə itmiş bir şəhərin siluetini görüb. Komanda yoldaşları ilə birlikdə məlumatları arxeoloji üsullarla tədqiq edən Tomas başqalarının gözdən qaçırdığı qədim şəhərin izlərini ortaya çıxarmağı bacarıb.

Valeriana şəhəri Latın Amerikasındakı ən böyük Mayyanın mərkəzi olan Calakmuldan sonra ikinci ən böyük Mayya şəhəri hesab edilir. Təxmin edilir ki, şəhərin əhalisi eramızın 750-850-ci illərində pik həddə çataraq 30-50 min nəfər təşkil edib. Həmçinin bu rəqəmin hazırda bölgədə yaşayan əhalinin sayından çox olduğu qeyd edilir.

Calakmul bölgəsindən təxminən 100 kilometr aralıda yerləşən Valeriana şəhəri Mayya nəsillərinin sıx şəkildə yaşadığı qədim Xpujil antik bölgəsinin əsas yoluna cəmi 15 dəqiqəlik piyada məsafədə olmasına baxmayaraq, yerli sakinlər ondan xəbərsiz olublar. Arxeoloqlar ümumilikdə üç fərqli ərazini tədqiq ediblər və şəhər hüdudlarında müxtəlif ölçülərdə 6 min 764 tikili müəyyən ediblər.

Kəşfi ilə tarixə düşən arxeoloq Luke Auld-Tomas və tədqiqatın həmmüəllifi, professor Marsello Kanuto hesab edirlər ki, bu yeni tapıntı tropik bölgələrin "sivilizasiyaların öldüyü yer" olduğu tezisini dəyişə bilər.

"Dünyanın bu hissəsi zəngin və mürəkkəb mədəniyyətlərə ev sahibliyi edir", - deyə Kanuto bu kəşfin əhəmiyyətini vurğulayıb.

Şəhərin tərk edilməsinə nəyin səbəb olduğu isə tam şəkildə məlum deyil, lakin arxeoloqlar iqlim dəyişikliyinin bu məsələdə təsirli faktor ola biləcəyi qənaətindədirlər.

0.075784206390381