Qərbin pozuculuq cəhdlərinə baxmayaraq, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək

Qərb ölkələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı mövqeyi riyakarlıqdır.

Bunu "Report"a açıqlamasında "X" sosial şəbəkə platformasında Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etmələrinə dair faktlar haqqında danışan politoloq İlqar Vəlizadə deyib.

O, bəhs olunan bu tendensiyanı Qərbin anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib:

"Zamanında Qərb dövlətləri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib və bununla bağlı yekdil qərar qəbul edib. Əgər ev sahibi kimi Bakı seçilibsə, deməli, Azərbaycana inanırlar, etimad göstərirlər. Belə olmasa idi, o zaman Azərbaycanın namizədliyinə qarşı çıxardılar. Maraqlı və təəccüblüdür, Qərb inandığı Azərbaycanın əleyhinə niyə davamlı qarayaxma kampaniyası aparır? Bu, ikiüzlülüyün bariz nümunəsidir. Eyni halı biz əvvəllər də müşahidə etmişik. Bəzi Qərb dövlətləri Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istədiklərini desələr də, bu niyyətlərini əməldə göstərmirlər".

İ.Vəlizadənin sözlərinə görə, qeyri-səmimi davranışları dünyada Qərbə olan inamı əhəmiyyətli dərəcədə azaldıb:

"Qərbin belə ədalətsiz yanaşmaları dünyanın digər regionlarına münasibətdə də tətbiq olunur. Azərbaycanı indi yenidən hədəfə alanlar bu fəaliyyətləri ilə əslində, öz mahiyyətlərini nümayiş etdirirlər. Ancaq onların bu cəhdlərinin heç bir nəticəsi ola bilməz. COP29-la əlaqədar Azərbaycan barəsində mənfi rəy yaratmaq istəyənlərin niyyəti baş tutmayacaq. İstənilən halda Azərbaycan qlobal əhəmiyyətli bu tədbirə uğurla ev sahibliyi edəcək və konfransda dünyanın iqlim gündəliyi geniş müzakirə olunacaq".

Xatırladaq ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) noyabrın 1-də birgə məlumat yayıb. Məlumatda bildirilib ki, "X"də Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Qeyd olunub ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyniməzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də ictimai rəyi çaşdırmağa cəhd göstərirlər.

Bildirilib ki, saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

0.0955810546875