Çin güləşçiləri karantindən keçmək üçün Serbiyaya göndərildi

Martda Çinin Sian şəhərində keçirilməli olan güləş üzrə Asiya Lisenziya Turniri bu məkanda baş tutmayacaq.

Bakunews.media xəbər verir ki, koronavirus səbəbindən Ümumdünya Güləş Birliyi Çindən təşkilatçılığı alıb.

Təşkilatçılıq isə Qırğızıstanın paytaxtı Bişkekə verilib. Həmin yarış 27-29 mart tarixlərində keçiriləcək.

Həmçinin, bu yarışda Çin güləşçiləri də iştirak edə biləcək. Ancaq onlar yarışdan əvvəl Serbiyanın paytaxtı Belqrada göndərilib. Çünki orada onları geniş karantin prosesi gözləyir. Belqradda olduqları müddətdə Çin idmançıları güləşə aid bütün predmetlərlə və sağlamlıq qidaları ilə təchiz olunacaqlar.

Onu da bildirək ki, Hindistan hökuməti bu ay Nai Dili şəhərində keçirilmiş güləş üzrə Asiya çempionatı üçün Çin güləşçilərinə viza verməkdən imtina edib. 

Bununla belə, Hindistan Badminton Assosiasiyası (HBA) 24-29 mart tarixlərində keçirilcək və Olimpiada üçün lisenziya xalları verəcək “India Open” turnirində Çin və Honkonq idmançılarının iştirakına müsbət yanaşdığını ifadə edib. HBA artıq viza üçün Hindistanın İdman və Xarici İşlər nazirliklərinə müraciət edib.    

Qeyd edək ki, indiyə olan duruma görə, hazırda Çinin beş güləşçisi Olimpiadaya vəsiqə qazanıb.

Səbuhi Musayev

0.27165389060974