Şikayət: “Uşaqlarımızı qəzalı vəziyyətdə olan məktəbə göndərmək istəmirik” - VİDEO

Bakıda Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 320 nömrəli tam orta məktəb binası qəzalı vəziyyətdədir.

Bu barədə Bakunews.media-a valideynlər tərəfindən məlumat verilib.

Bildirilib ki, üçmərtəbəli məktəb binasının divarları demək olar ki, ikiyə bölünüb. 844 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb binası 48 sinif otağından ibarətdir. Qəzalı vəziyyətdə olan məktəbdə bu gün 1556 şagird təhsil alır.

Valideynlərin sözlərinə görə, 13 il əvvəl istifadəyə verilən məktəb artıq bərbad vəziyyətdədir:

“Məktəb binasının üçüncü mərtəbəsinin divarlarında ciddi, iri həcmli çatlar yaranıb. Bina çox pis vəziyyətdədir. Kanalizasiya və istilik sistemləri işləmir. Uşaqlarımızı bu şəraitdə olan məktəbə göndərmək istəmirik. Məktəb az qalır ki, iki yerə bölünsün. Kimə müraciət edirik, bizlik deyil deyirlər. Xahiş edirik ki, köməklik göstərəsiniz”.

Qeyd edək ki, Qaradağ rayonu 320 nömrəli tam orta məktəb Müşfiqabad qəsəbəsində Təhsil Nazirliyi tərəfindən Respublika Prezidentinin sərəncamına əsasən tikilib və 15 sentyabr 2007-ci ildə istifadəyə verilib.

Könül Cəfərli 

0.31478810310364