Bəhruz Əsgərov: “Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var”
“Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. “Macəra Yaxındadır!” kampaniyasının məqsədi əhalinin ölkədaxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır”.
Bakunews.media-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov ötən gün keçirilən tədbirdə qeyd edib.
Bəhruz Əsgərovla müsahibəni təqdim edirik.
- Daxili turizmin inkişaf etdirilməsi üçün kampaniya nədir, ona nə zamandan start verilir və hansı nəticələrin olacağını gözləyirsiniz?
Kampaniyaya əsasən, xüsusi veb-səhifədə - macerayaxindadir.az-da anket formasını dolduraraq, kampaniyanın tərəfdaşı olan şirkətlər təklif etdikləri xüsusi turizm paketlərini kampaniyanın veb-saytında yerləşdirirlər. Bununla da, kampaniyadan yararlanması nəzərdə tutulan şəxslər müxtəlif xüsusi endirimli turizm xidmətləri və turizm paketlərindən istifadə etmək imkanı əldə edirlər.
Həqiqətən, ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. Bu kampaniyanın məqsədi də əhalinin daxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır. Kampaniya ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti kimi çıxış edir.
- “Azerbaijan.travel” platforması nədir və bu barədə xarici turistlərin məlumatlandırılması necə aparılacaq?
- Bildiyiniz kimi, rəqəmsal dünya turistlərə hər hansı məlumatı çatdırmaq, onlarla birbaşa ünsiyyətdə olmaq üçün böyük imkanlar təqdim edir. Biz də bu imkanlardan istifadə edərək daim rəqəmsallaşma strategiyasının, daha təkmil, maraqlı və əlçatan təkliflərin hazırlanması üzərində çalışırıq. Bu günlərdə ictimaiyyətə təqdim etdiyimiz yeni Azerbaijan.travel saytı buna əsas nümunədir.
Qeyd etmək lazımdır ki, turistlər bu veb-sayt vasitəsilə uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisə edərək ən sərfəli qiymətlərlə əldə edə bilərlər. Eyni zamanda, veb-sayta əlavə olunan digər bir xidmət odur ki, turistlər öz fərdi istəklərini və üstünlük verdikləri istirahət növlərini daxil edərək özlərinə uyğun plan qura bilirlər.
İstifadəçilər veb-saytdan bir növ bələdçi kimi istifadə edərək, Azərbaycana səyahət planını tərtib edirlər. Veb-saytda sosial şəbəkələrdə Azərbaycana səfər etmiş turistlərin paylaşdığı təcrübələr, regional xəritələr, ”Experience Azerbaijan” jurnalı və digər nəşrlər yer alır. Turistlərə səyahətləri ilə bağlı praktiki məlumat verə biləcək virtual assistent də veb-saytın əsas funksiyalarından biridir.
- Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan “Experience Azerbaijan” jurnalının ikinci nəşrində həmişə olduğu kimi Azərbaycanın turizm potensialı, görməli yerləri, ölkəmizdə keçirilən tədbir və festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri barədə ətraflı məlumat təqdim olunur.
Bu dəfəki sayda Formula 1 Azərbaycan Qran Prisi, Talış dağlarında ornitoloji turizm, ölkəmizin məşhur yaradıcı gəncləri, Gəncə şəhərinin turizm məkanları, Azərbaycanın 5 ən məşhur haykinq maşrutu, Bakı şəhərinin XIX əsr memarlıq abidələri haqqında məqalələr yer almışdır.
- Sözsüz ki, koronavirus bütün dünyada böhranlı vəziyyət yaratdığı kimi, Azərbaycana təsirsiz ötüşmədi. Böhran qlobal xarakterlidir və biz çalışırıq ki, Azərbaycan turizminə zərərləri minimuma endirək.
Həmçinin, xeyli sayda beynəlxalq tədbirlər və forumlar işini dayandırıb və bir sıra regional görüş və Azərbaycan turizminin təqdimatı üzrə tədbirlər təxirə salınıb.
Eyni zamanda, 2020-ci il üçün strategiyamızda müvafiq dəyişikliklər etmişik. Bu dəyişikliklər marketinq sahəsində özünü xüsusilə büruzə verməklə, rəqəmsallaşmanı əsas hədəf kimi qarşımıza qoyur.
İnanırıq ki, tezliklə bu problem aradan qalxacaq, dünya turizmi, həmçinin Azərbaycan turizmi öz inkişaf tempinə geri qayıdacaq.