Sumqayıtda növbəti sərt karantin rejiminin ilk günü - FOTO/VİDEO

Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi qaydalara görə, respublika ərazisində ikinci dəfə sərt karantin rejimi tətbiq edilir. Belə ki, iyunun 14-ü saat 00:00-dan etibarən iyunun 16-ı saat 06-00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərt karantin rejimi çərçivəsində vətəndaşların küçəyə çıxması qadağan olunub.

Bakunews.media xəbər verir ki, iki günlük sərt karantin rejimi Sumqayıt şəhərində də ciddi şəkildə tətbiq edilir.

Belə ki, ikinci dəfə tətbiq edilən sərt karantin rejimi çərçivəsində paytaxtın  mərkəzi küçə və prospektlərində karantin postları qurulub. Şəhərin Heydər Əliyev prospekti, Sülh prospekti, Səməd Vurğun küçəsi, 20 Yanvar küçəsi, Azərbaycan prospekti, eləcə də digər küçələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşları karantin qaydalarına riayət etməyə çağırır. 

Mərkəzi küçə və prospektlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Şəhər Polis İdarəsinin tabeliyində olan əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbçiləri xüsusi icazəsi olmadan küçəyə çıxan vətəndaşlarla profilaktik söhbət apararaq onları karantin qaydalarına riayət etməyə dəvət edir.

Küçəyə yalnız xüsusi icazəsi olan məhdud sayda şəxslərin çıxmasına icazə verilib. Eyni zamanda operativ qərargahın təsdiq etdiyi qaydalara görə, vətəndaşlar yaşayış yerinin yaxınlığında itlərini gəzdirə bilər. Lakin bu məqamdan sui-istifadə hallarına yol vermək olmaz. 

Polisin xəbərdarlığına məhəl qoymayan, sərt karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində isə qanunamüvafiq protokollar tərtib olunub və zəruri tədbirlər görülüb.

Könül Cəfərli 

0.34316205978394