Partiya sədri: İki qardaş ölkənin keçirdiyi təlimlərə Pakistan da qatılsın
Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ALDP sədri Fuad Əliyev Türkiyə əsgərlərin Naxçıvanda birgə təlimlərə başlanması ilə bağlı açıqlama verib. ALDP sədrinin açıqlamasını təqdim edirik: "Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Artıq təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də 1918-1921-ci illərdə Naxçıvanın düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. "Naxçıvan türk dünyasının qapısıdır" - deyən Atatürk öz ölkəsinin çətin durumda, erməni daşnakları ilə mübarizəyə kömək məqsədilə Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərib. Onların köməyi ilə Andranikin rəhbərlik etdiyi daşnakları qovub. Son hadisələrdə, Ermənistanın sərhəddə təxribatından sonra Türkiyə Azərbaycana açıq dəstək verdi. Hesab edirəm ki, yaxın gələcəkdə, bizim iki qardaş ölkənin keçirdiyi təlimlərə, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olan və Dağlıq Qarabağ məsələsinə görə Ermənistanla heç bir əlaqə qurmayan dost Pakistan da qatıla bilər. Öz bəyanatlarında bizə dost olan Pakistan dövləti Dağlıq Qarabağ məsələsində həmişə bizi dəstəkləyib. Hesab edirəm ki, Azərbaycan, Türkiyə və Pakistan silahlı qüvvələrin arasında hərbi əməkdaşlıq sazişi imzalanmalıdır və təlimlər keçirilməlidir. Bu təlimlər üç ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edər, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verər. Azərbaycan və Türk əsgərlərinə eşq olsun!"