Partiya sədri: Kimlərsə müxalifət daxilində birincilik uğrunda mübarizə aparır
Hərbi vəziyyətin elan olunduğu bir ölkədə siyasi sabitliyin qorunması, iqtidar-müxalifət dialoqu müstəvisində bütün siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi əsas faktor kimi ortaya çıxır. Azərbaycan əsgərlərinin Ermənistanın təxribatçı qüvvələrinə qarşı əks-hücumlara başladığı bir vaxtda bəzi siyasi partiyaların, təşkilatların iqtidar-müxalifət arasında düşmənçilik axtarışı yolverilməz məqam kimi qeyd edilir. Dialoq tərəfdarı olan 50-dən çox siyasi partiya sivil mübarizə yolunu seçməklə iqtidarla həmrəklik nümayiş etdirir. Lakin dialoqdan qaçanlar hələ də iqtidarı müxalifətə düşmən hesab edən çıxışları ilə diqqət çəkir.
Niyə AXCP, Milli Şura dialoqa gəlmir və doğurdanmı iqtidar müxalifətlə düşmənçilik edir?
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı nüanslara toxunub.
ALDP sədri Fuad Əliyev bildirib ki, bu gün kimlərsə müxalifətdə özlərindən başqa heç kimi görmək istəmirlər. Kimlərsə müxalifət daxilində birincilik uğrunda mübarizə aparır. Bu da onların ən böyük səhvidir. Heç kim özünü müxalifət naziri kimi aparmasın.
Partiya sədri müxalifət partiyası olaraq təbii olaraq siyasi mübarizələrinin iqtidara gəlmək olduğunu deyib. Eyni zamanda bunun üçün dünyada qəbul olunan yeganə bir yolu – seçkiləri seçdiklərini qeyd edib:
“İqtidar rəqib olsa belə, onlarla dialoqa getmək lazımdır. Maraqlıdır ki, dialoqu inkar edən bu kəsim həmişə başqa ölkələri misal çəkirlər. Amma çəkdikləri misallarda nədənsə müxalifətin iqtidarla dialoqa getdiyini demirlər. Çünki bu onların apardığı siyasətlə üst-üstə düşmür”.
O ki qaldı “siyasi məhbus” məsələsi ilə bağlı yaranan mübahisələrə, ALDP sədri bildirib ki, bu məsələ ilə yanaşı, daim insanları narahat edən sosial problemləri aidiyyatı yerlərdə, eləcə də mətbuatda qaldırırlar:
“Kimlər bunu görmürsə, ya qərəzlidirlər, ya da ki, elə “yüksək zirvədədirlər” ki, heç kimi görmürlər. Onu da bilsinlər ki, durduqları “zirvədə” onları da görən yoxdur”.